"Birinci hissədə komanda çox yaxşı futbol oynadı. Bunun nəticəsində 2 qol vurduq. Gözlənilməz əvəzetmələr oldu. Bundan sonra oyunumuzda düşüş hiss olunurdu. İkinci hissənin əvvəlində diqqətsizlikdən qollar buraxdıq"

"Kəpəz" Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Səbail"lə 3:3 hesablı heç-heçə edib.
 
Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik. Bizdən gözləntilər çox idi. Birinci hissədə komanda çox yaxşı futbol oynadı. Bunun nəticəsində 2 qol vurduq. Gözlənilməz əvəzetmələr oldu. Bundan sonra oyunumuzda düşüş hiss olunurdu. İkinci hissənin əvvəlində diqqətsizlikdən qollar buraxdıq. Son dəqiqələrdə Mate Kvirkiyanın vurduğu mükəmməl qolla 1 xal qazandıq.
 
- İlk hissədəki qələbə gözəl idi, yoxsa son dəqiqə qolu ilə qazanılan 1 xal?
 
- Birinci hissədə qələbəyə daha yaxın idik. Mükəmməl qoldan sonra heç-heçə də bizim üçün xoş oldu.
 
- İkinci hissədə müdafiə xəttində nə baş verdi?
 
- Fasilədə futbolçulara tapşırdıq ki, diqqətli olun, oyun hələ bitməyib. Ani diqqətsizlik oldu. Komanda tam olaraq özünə gəlməmiş 2-ci qolu buraxdıq.
 
- Təbii örtüklü meydançada məşq edirsiz. Bu gün süni meydançada oynadız. Zədələrin bununla əlaqəsi var?
 
- "Səbail"in stadionunun ot örtüyü bir az fərqlidir. Burada oynamaq çətin olur. Tovuzda da süni örtükdə oynayırıq, amma belə zədələr olmur.
 
- Şahin Diniyev oyundan sonra sizinlə görüşmədi. Nə baş verib?
 
 - Heç bir şey olmayıb. Yəqin Şahin müəllim əsəbi olub. Burada problem yoxdur.
 
- Hakimlikdən razı qaldız?
 
- Hakimlik haqda çox danışmağa dəyməz. Onlar da insandır. Baxış bucaqları fərqli ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest