“Xəzər Lənkəran” klubunun braziliyalı sabiq hücumçusu Junior Nildonun matc.az saytına müsahibəsi

- Keçmiş komandanız “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa etməsi haqda məlumatlar yayılıb…

- Bu baş versə, sevinərəm. “Xəzər Lənkəran”ın formasını geyinmək mənə də qismət olub. Orada oynadığım müddətdə komandanın uğur qazanması üçün əlimdən gələni etmişəm. “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması məni çox üzmüşdü. Ümid edirəm ki, dediyiniz xəbər reallaşar və lənkəranlı azarkeşlər yenidən öz sevimli komandalarını dəstəkləyərlər.

- Maraqlıdı ki, Azərbaycanda oynadığınız “Xəzər Lənkəran”dan əlavə AZAL da artıq neçə ildir ki, fəaliyyət göstərmir. “İnter” isə hazırda “Şamaxı” adı ilə 1-ci liqada çıxış edir...

- Üzücü haldı. Karyeram ərzində formasını geyindiyim bütün klubları diqqətdə saxlamağa çalışıram. “Xəzər Lənkəran” və AZAL-ın hazırda fəaliyyət göstərməməsi Azərbaycan futbolu adına böyük itkidir. Lənkəranın futbolsuz qalması nə deməkdir?! “Xəzər Lənkəran” Lənkəran şəhərini təmsil edirdi və bütün ev oyunlarında azarkeşlər komandanı dəstəkləmək üçün stadiona axın edirdilər. Azarkeşlərdən əlavə, “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması oradakı yeni istedadların da yolunu kəsir. Lənkəranda istedadlı uşaqların üzə çıxması üçün komandanın olması vacibdir. Bu mənada, klub öz fəaliyyətini bərpa etsə, nə qədər insan sevinəcək.

- Azərbaycan çempionatını izləmək imkanınız olurmu?

- Bütün oyunları izləyə bilməsəm də, bəzi matçlara baxıram. Azərbaycandakı karyeramla bağlı xoş xatirələrim qalıb. Ölkənizdə oynamaq mənim üçün xoş idi. Bu mənada, imkanım daxilində Azərbaycan futbolunu diqqətdə saxlayıram. Təbii ki, mən oynadığım vaxtla müqayisədə müəyyən fərqlər var, bu da qaçılmazdı. Çünki futbol yerində dayanmır, hər yerdə inkişaf edir.

- Ölkəmizə qayıtmaq, Azərbaycanda məşqçi kimi fəaliyyət göstəmək istərdiniz?

- Əlbəttə, istəyərəm. Amma bunun üçün təklif olmalıdı. Bir neçə il ölkənizdə yaşamışam, Azərbaycan çempionatında çıxış etmişəm. İstəyərəm ki, yenə futbolunuza töhfə verim. Belə bir təklif gəlsə, fürsətdən istifadə edərəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest