“Atamın dediklərini beynimdə canlandırıram”. Bunu matc.az saytına Türkiyənin “Ümraniyespor” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev deyib.

28 yaşlı yarımmüdafiəçi Türkiyə I Liqası barədə düşüncələrini bölüşüb: “Çempionat çox maraqlıdı. Bir o qədər də çətin keçir. 15-16 komanda eyni səviyyədədi. Bu klubların büdcəsi də təxminən eynidi. Hər komanda istənilən nəticəni qazana bilər. Burada klubların çoxu ən azı pley-off üçün mübarizə aparır. Biz də ən pis halda, pley-offa qədər irəliləmək istəyirik. Bu həftə də biz qələbə üçün çalışdıq, amma olmadı. Hücumçularımızın zədəli olması bizim oyuna təsir etdi”.

28 yaşlı orta sahə oyunçusu legioner həyatına uyğunlaşdığını bildirib: “Legioner həyatına öyrəşmişəm. Türkiyədə olduğumdan, bu dönəm daha rahat keçdi. Həm dil, həm mədəniyyət baxımından bizimlə eynidilər. Hər şey çox yaxşıdı”.

Coşqun atası Şahin Diniyevin onunla tez-tez maraqlandığını vurğulayıb: “Hər oyundan əvvəl və sonra danışırıq. Həm onların, həm mənim oyunlarım barədə müzakirə edirik. Daim məsləhətlərini verir. Məndə çatışmayan nələrsə görəndə dərhal bildirir. Digər oyuna hazırlaşanda atamın dediklərini beynimdə canlandırıram”.

Diniyev dekabrda yenilik gözlədiyini gizlətməyib: “Hədəflər hər zaman böyük tutulmalıdı. Artıq burada az-çox yaxşı mənada tanınıram, təcrübə yığmışam. Dekabrın sonunda yenilik gözləyirəm”.

Futbolçu millidə əsas heyətdə oynamasına baxmayaraq, AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə görüşdə ehtiyatda qalmasına da aydınlıq gətirib: “Mən məşqçinin qərarını heç vaxt müzakirə etmirəm. Onun kənardan gördüyü ilə mənim gördüyüm eyni olmaya bilər. Həmin gün məşqçi o “11-lik”lə oynamaq istəyib. O da uduzmaq istəməz. Düşünürəm ki, fərziyyələrlə nə isə demək olmaz. Həmin gün mən oynasam, başqa nələrsə də ola bilərdi. O qarşılaşmada komanda olaraq məğlub olduq. Təbii ki, belə olmasını istəməzdik”.

Coşqun AFFA-nın baş məşqçi seçimində ən yaxşı qərar verəcəyini düşünür: “Biz futbolçuların baş məşqçi seçmək haqqı yoxdu. Orada kimin olmasından asılı olmayaq, bayrağımız, ölkəmiz üçün oynamalıyıq. AFFA-nın ən yaxşı qərarı verəcəyini düşünürəm”.

Günay VƏLİYEVA

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest