"Toplanış çərçivəsində ikinci matçımız idi. Maraqlı oyun alındı. İlk oyunla müqayisədə futbolçularımızın tədricən formaya düşdüyü görünür". Bu sözləri matc.az saytına "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
 
Türkiyə toplanışını və İsveçrənin "Aarau" komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edən çalışdırıcı bildirib ki, hazırlıqdan səmərəli istifadə etmək istəyirlər: "Natan Oduva, Runi Eva, Henri Okebuqvu ilk oyunda iştirak etməmişdilər. Bu dəfə onlara da şans verdik. Mümkün qədər tez formaya düşmək üçün çalışırlar. Hər kəsin oyun təcrübəsi qazanmasına çalışırıq. Əlbəttə, ağır məşqlərdən sonra belə oyunlarda iştirak etmək daha da çətin olur. Futbolçular üçün əziyyət olsa da, bunun bəhrəsini çempionatda görəcəyik. İşlərimizi plana uyğun davam etdiririk. üçüncü yoxlama oyunumuzu da keçirdikdən sonra ölkəyə qayıdıb, çempionat və kubok matçlarına hazır olmağa çalışacağıq".
 
Abasov yeni transfer Denis Marandiçin oyun təcrübəsinin az olduğunu vurğulayıb: "Bu üzdən belə yoxlama oyunlarında iştirak etmək onun üçün daha faydalıdır. Oyun təcrübəsi qazanır. Bir futbolçu baxışdadı  - Erik Ayuk. Yəqin ki, üçüncü oyunda bizimlə olacaq. Qarşıdakı 4-5 gün ərzində onu həm məşqlərdə, həm də yoxlama oyununda sınaqdan keçirməyə çalışacağıq. çoxdandı məşq etmir, klubsuzdur. Amma şans vermək istəyirik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest