"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov matc.az saytının suallarını cavablandırıb. O, millimizin Moldovaya qarşı yoxlama matçını (2:1) dəyərləndirib, Şimali Makedoniya ilə qarşılaşacağı oyunla bağlı fikirlərini bölüşüb, eləcə də "Sumqayıt"ın çıxışının səbəbləri barədə danışıb.

- Vaxtilə formasını geyindiyin milli komanda Moldova ilə qarşılaşdı. 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda yığma komandanın çıxışını necə dəyərləndirərdin?
- Milli komanda Moldovaya qarşı çox yaxşı oynadı. Amma unutmaq olmaz ki, Moldova millisi bizdən zəifdi. Hesab daha böyük ola bilərdi. Düşünürəm ki, futbolçularımız Moldova oyunda üzərlərinə düşən işin öhdəsindən gəldilər. İlk oyununa baxmayaraq, Bəxtiyar Həsənalızadəni xüsusi qeyd edərdim. çox yaxşı oyun keçirdi.

- Sizə elə gəlmirmi ki, komandamız birinci hissədə mübarizə aparıb, ikinci hissəni yola verdi?
- Xeyr, elə düşünmürəm, sadəcə 2:0 öndə olanda daha çox hesabı qorumağa çalışırdılar.

- Baş məşqçi Canni De Byazi milliyə "Sumqayıt"dan futbolçu dəvət etməyib. Bu seçimlə razısınızmı? ümumiyyətlə, bunun səbəbini nə ilə izah edərdiz?
- De Byazi oyunları izləyir, kimi bəyənir, onu da çağırır. Bizdən futbolçu çağırmamasına gəlincə, milliyə son pillədəki komandadan  futbolçu çağırmazlar.

- Yığma sabah Şimali Makedoniya ilə qarşılaşacaq. Sizcə, start heyəti Moldova ilə görüşdəki kimi olmalıdı, yoxsa hansısa mövqedə dəyişiklik edilməlidi?
- Fikrimcə, baş məşqçi heyətdə 3-4 dəyişiklik edəcək. Əsas heyət üzvləri var ki, onları Şimali Makedoniya ilə oyunda ilk dəqiqələrdən meydanda görə bilərik.

- Məsələn...
- Bəhlul Mustafazadə, Renat Dadaşov. Bu dəfə Toral Bayramov oynaya bilər, çünki Elvin Cəfərquliyev yorğun ola bilər.

- Millinin makedoniyalılarla görüşündən nə gözləyirsən?
- Şimali Makedoniya güclü rəqibdi. Ən xırda boşluqdan istifadə etməyi bacaran komandadı. Bizim milli də çox yaxşı oynayır. Bu oyunda qələbə gözləyirəm.

- "Sumqayıt"da işlər necədi? Kapitan komandanın uğursuz çıxışı haqda nə düşünür?
- Göründüyü kimi, işlərimiz heç də yaxşı getmir. çalışırıq ki, bu vəziyyətdən çıxaq. İnşallah, belə davam etməz və qələbələr qazanmaqla bu durumdan çıxarıq.

- Samir Abasov gələndən sonra "Sumqayıt"da nə dəyişib?
- çox şey dəyişib. İstər məşqlərdə, istərsə də təhlillərdə hər xırda detalları bizə başa salır. Biz də çalışırıq ki, onun dediklərinə əməl edək. Görünən odur ki, hələ heç birimiz onun istədiklərini tam icra edə bilmirik.

- Komandanın uğurlu çıxışı üçün hansı mövqelər güclənməlidi?
- Nəticə olmadığına görə, danışmaq mənə də çətindir. çünki deyiləcək söz olmur. Yeni oyunçulara gəlincə, baş məşqçi hansı mövqelərin gücləndirilməli olduğunu daha yaxşı bilir. Yəqin ki, hansı mövqeyə yeni oyunçu lazım olsa, qış fasiləsində bu boşluqları doldurmağa çalışacaqlar.

- "Sumqayıt" mövsümü son pillədə başa vuracaq, yoxsa...?
- İnşallah, sonuncu yeri tutmarıq. çünki bu komandanın potensialı daha üst sıralarda yer almağımıza imkan verir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest