Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa nəhəngi "İstanbulspor"un gənc müdafiəçisi Emrecan Uzunhanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "İstanbulspor"a 2 milyon avro təzminat ödəniləcəyi diqqətə çatdırılıb.
 
Emrecan Uzunhan "İstanbulspor"un öz yetirməsidir. O, son iki mövsümdə bu klubun əsas komandasında forma geyinib. Geridə qalan mövsümdə 21 oyuna çıxan gənc futbolçu, 1 qol da vurub.
 
"Beşiktaş" braziliyalı yarımmüdafiəçisi Jozef de Souzanın zədə səbəbindən sıradana çıxdığını da açıqlayıb. Dizindən zədə alan 33 yaşlı futbolçunun iyulun 20-də əməliyyat olunacağı diqqətə çatdırılıb. Bu üzdən Jozefin azı 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur. Bu isə yarımmüdafiəçinin yeni mövsümün startında komandaya kömək edə bilməyəcəyi anlamına gəlir.
 
De Souza 2020-ci ildən "Beşiktaş"da forma geyinir. Braziliya millisinin sabiq üzvü iki mövsüm ərzində bu komandada 78 oyuna çıxıb, 8 qol vurub. Təcrübəli futbolçu əvvəllər "Əl-Əhli", "Fənərbaxça", "San Paulo", "Qremio", "Portu" və "Vasko da Qama"da da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest