“Futbolda bəzən belə hallar olur. Hər kəs bunu yaşaya bilər. Həmişə olduğu kimi, öz işimi görməyə və başımı dik tutmağa çalışıram”. Matc.az xəbər verir ki, bunu “Yurqorden”in azərbaycanlı hücumçusu Musa Qurbanlı İsveç mətbuatına açıqlamasında deyib.
 
22 yaşlı futbolçu heç nəyə fikir vermədən öz üzərində çalışdığını bildirib: “Bura gəldiyim ilk gündən məsuliyyətli olmuşam, çox çalışmışam. Burada heç kimlə problemim olmayıb, komanda yoldaşlarımla və ətrafındakı insanlarla əla münasibətim olub. “Yurqorden”ə böyük hörmətim var, gözəl tarixi və mədəniyyəti olan böyük klubdu. Azarkeşlər isə heyrətamizdi”.
 
O, klubda hər kəsə hörmətlə yanaşdığını söyləyib: “Hamı mənim kim olduğumu bilir. Ən əsası bunu özüm bilirəm. Heç kim deyə bilməz ki, məşq zamanı kifayət qədər çox çalışmamışam və ya 100 faizimi verməmişəm. Hamıya hörmət etmişəm, onlar da mənə hörmətlə yanaşıb. Heç vaxt kiməsə qarşı hörmətsizlik etməmişəm. O ki qaldı az oynamağıma, futbolda bəzən məşqçilər belə qərar verə bilər. Qərarlara da həmişə hörmətlə yanaşacağam. Oynamağıma icazə verilməyəndə problem yaradan tipdən deyiləm. Yalnız öz səhvlərimə baxıram. Heç kimi günahlandırmıram, heç nədən şikayət etmirəm. Bəhanə axtarmıram”.
 
Azərbaycan millisinin üzvü mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, bunu təkzib etməyib: “Hazırda “transfer pəncərəsi” bağlıdı. Buna görə də indi heç nə edə bilmərik. Yayda nə olacağını görəcəyik. Bizim üçün hansının ən yaxşı variant olacağına həmin vaxt baxacağıq”.
 
Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına qədərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest