Türkiyəli yarımmüdafiəçi Doğan Ərdoğan "Qaziantep" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderlandın "Fortuna" (Sittard) klubuna transfer olunub.
 
Bu barədə onun yeni klubu məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıb.
 
Bu, "Fortuna"nın yeni mövsüm öncəsi heyətinə qatdığı ikinci türk futbolçudur. Sittard təmsilçisi bir müddət öncə Fransanın "Lill" klubundan ayrılan Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmazla da müqavilə bağlamışdı.
 
Ərdoğan 2021-ci ilin yayında "Qaziantep"ə transfer olunmuşdu. O, bu komandanın heyətində 31 rəsmi matça çıxıb.
 
Yeri gəlmişkən, "Qaziantep" də heyətinə yeni futbolçu cəlb edib. Super Liqa təmsilçisi serbiyalı yarımmüdafiəçi Marko Yevtoviçlə güclənib. Serbiyanın "Partizan" klubundan transfer olunmuş 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest