“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasovun matc.az saytına müsahibəsi
 
- Bakı toplanışını başa vuraraq Tovuza qayıtdınız. Komandada son durum necədi?
- Bilirsiz ki, meydançamız təmirdə idi. Dünəndən hazırdı. Bu gün isə toplanışın ikinci mərhələsinə Tovuzda start veririk. Futbolçular istirahətdən gəlib. İyulun 15-nə qədər burada komandanın fiziki durumunu yaxşılaşdırmağa çalışacağıq.
 
- Bundan sonrakı plan nədi?
- Ayın 14-15-də bir yoxlama görüşü keçirmək istəyirik. Rəqib hələ məlum deyil. Ondan sonrakı hazırlığı ölkə xaricində keçirmək niyyətindəyik. Çünki burada rəqib tapmaq çətin olacaq, bütün klublarımız harasa təlim-məşq toplanışına gedir.
 
- Toplanışı hansı ölkədə keçirməyi planlaşdırırsız?
- Düzü, Gürcüstana getməyi fikirləşirik. Amma bu, büdcədən asılıdı. Yaxın günlərdə buna da aydınlıq gələcək.
 
- Heyətə artıq 10 yerli futbolçu cəlb olunub. Transfer dönəmində işin necə faizini həll etmisiz?
- Bildiyiniz kimi, Tovuz klubu 9 ildən sonra Premyer Liqaya qayıdır. Komandanı yenidən qurmaq lazımdı. Transferlər zamanı bura gələn futbolçuların istəyi, fədakarlığı, oynamaq arzusu həlledici rol oynayır. Təcrübəli futbolçuların Tovuza gəlməsi köklü kluba malik olmağımızdan qaynaqlanır. İstədiyimiz, danışıq apardığımız yerlilər bu gün bizimlədilər. Onların arasında gələcəkdə Azərbaycan millisinə qayıdacaq gücdə olanlar var. 
 
- Bundan sonra neçə əcnəbi və yerli transferi planlaşdırılır?
- Təbii ki, daha geniş heyətə sahib olmaq istəyirik. Bu, komanda daxilində rəqabəti də artırar. Əcnəbi oyunçular da gətirmək fikrindəyik. Büdcəyə uyğun kollektiv quracağıq.
 
- Baxışda olanlarla bağlı hansı qərar verilib?
- Toplanışa hələ təzə başlamışıq. Nurlan Novruzov, Sadiq Quliyev və gürcüstanlı futbolçu Nika Ketsuriani baxışdadılar. Onlarla bağlı qərar yəqin ki, iyulun 15-dək veriləcək.
 
- Transfer danışığı zamanı sizə ən böyük problem yaradan amil nədi?
- Burada əsas məsələ maliyyədi. Hansısa əcnəbiyə yüksək maliyyə ayrılsa, inanmıram ki, bölgə komandası olması, yolun uzaqlığı onun qərarına mane olsun. Təbii ki, eyni şərait olduğu zaman daha yaxın olduqları şəhərə üstünlük verə bilərlər. Bu gün görürük ki, hətta iddialı klublarımız da tələb olunan maliyyəni vermələrinə baxmayaraq, Azərbaycan çempionatına gəlmək istəməyən əcnəbilər çoxdu. Bizi istəyən, oynamaq həvəsində olan oyunçuları axtarıb tapmalıyıq. İstənilən klub öz iddiasına, büdcəsinə uyğun oyunçu gətirməkdə çətinlik çəkə bilər. Bu kimi problemlər hər klubda, o cümlədən də bizdə var.
 
- Yeni mövsümün startına cəmi bir ay vaxt qalıb. Sıfırdan yığılan komanda qısa müddətdə tam hazır ola biləcək?
- Bu gün hətta köklü klublar tam hazır ola bilmirlər. Hansısa komandadan 2-3 nəfər getdikdə baş məqçilər onların boşluğunu doldurmaqda çətinlik çəkirlər. Bu gün belə amillərə çox fikir vermirik. Komandanın təməlini qurmaqdan başlamışıq. Çətinliklər çox olacaq. Ancaq bunları qabardaraq həvəsdən düşmək istəmirik. Yeni oyunçulara, yeni komandaya vaxt lazımdı. Hərə bir klubdan gəlib, oyun sisteminə uyğunlaşmaq zaman tələb edir. Desəm ki, 1-2 aya tam hazır olacağıq, yalan danışaram. Amma futbolçuların istəyi, əzmkarlığı bunu sığortalaya bilər.
 
- Premyer Liqadakı ilk mövsümdə hədəf nə olacaq?
- Bizdə yeni komanda quranda dərhal hədəf qoymaq dəbdi. 9 ildən sonra Premyer Liqaya qayıdan şəhərin komandasının hədəfi çempionatda yaxşı, əzmkar mübarizə aparmaqdı. Tovuz akademiyasındakı gənclərə böyük şans yaranıb. Əsas məqsəd təməli düzgün qoymaq və pillə-pillə inkişaf eləməkdi.
 
- Avrokuboklara daşıdığınız “Sumqayıt” səviyyəsində komanda qurmaq üçün nə qədər vaxt lazımdı?
- Bu müqayisə bir qədər düzgün çıxmaz. Çünki “Sumqayıt” neçə il avrokuboklara iddia etdi, son anlarda şansı qaçırırdı. “Turan Tovuz” isə hələ indi birinci diviziondan elitaya yüksəlir. Biz hələ Premyer Liqaya uyğunlaşmaq mərhələsini keçməliyik. Bu il bünövrəni yaxşı qoysaq, inanıram ki, gələn il daha iddialı ola bilərik. Burada maliyyə məsələsi böyük rol oynayır. İkinci məqam odu ki, Tovuzda oynamaq həmişə rəqiblərə çətin olub. Gözəl azarkeşi var, onlar mükəmməl dəstək verir. “Turan Tovuz”un bu üstünlükləri olacaq. Rəhbərlik də tələsmir, qarşıya qoyulan məqsəd komandanı inkişaf etdirməkdi. Əl-ələ verib nələrsə eləməyə çalışacağıq.
 
- Büdcənin hələ də müəyyənləşməməsi işinizi çətinləşdirmir?
- Əlbəttə, çətinlik yaradır. Amma bilirik ki, bunlar bizdən asılı olmayan səbəblərdi. Müvəqqəti çətinlikdi, bir az səbrli olmalıyıq. Əsas odu ki, bölgələrə futbol qayıdıb. Gəncə və Tovuz klubları bu mövsüm Premyer Liqaya əlavə rəng qatacaq. Burada yüksək yerlərdən birini tutmaqdan söhbət getmir. “Qarabağ”, “Neftçi” kimi iddialı klubları Gəncədə, Tovuzda görmək arzusunda olanlar var. Bunun özü böyük üstünlükdü. İnanıram ki, bu il çempionat daha maraqlı alınacaq.
 
- Tovuzlu azarkeşlərin sizə böyük inamı var. Onlarla görüşdə dəstəklərini hiss elədiz?
- Tovuz azarkeşləri mənə yad deyillər. Burada futbolçu kimi də çıxış etmişəm, həmin azarkeşlərin çoxunu şəxsən tanıyıram. Komandanı necə dəstəklədiklərini bilirəm. Neçə ildi Premyer Liqamızın ən böyük çatışmazlığı məhz azarkeş dəstəyidi. İstər gənc, istərsə də təcrübəli oyunçularımız tovuzlu azarkeşlərin dəstəyini görəcəklər. Komandanın Tovuza gəlməyini, çempionatdakı ilk ev oyunumuzu səbirsizliklə gözləyirlər. Bizə inandıqlarını deyirlər, müəyyən çətinliklər olduğunu bilirlər. Həmin çətinliklər geridə qalana qədər arxamızdadılar, həmişə də belə olacaq. Onların sevimli komandalarını sona qədər dəstəkləyəcəklərinə əminəm. Çünki həmişə belə olub.
 
- Bu dəstəyin fonunda azarkeşlərə hansı sözü verə bilərsiz?
- Əsas işimiz əzmkar kollektiv formalaşdırmaqdı. Gələn futbolçular da onlardan nə istədiyimizi bilirlər, bu məsuliyyəti dərk edirlər. Bu komandanın varlığı oyunçuların inkişafı üçün də böyük təkandı. Oyunlarda bizə ən çox kömək edəcək amil əzmkarlığımız olacaq. Azarkeşlər də bunu görəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest