Ulduz hücumçu Radamel Falkaonun "Millonarios" ilə yolları ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 39 yaşlı hücumçunun "Milonarios"la müqaviləsi bu il iyunun sonunda başa çatıb. Klub futbolçu ilə vidalaşdığını iyulun 3-də açıqlayıb.
Falkao ötən yaydan "Millonarios"da çıxış edirdi. Bu ilin yanvarında tərəflər əməkdaşlığı iyunun sonunadək uzadıblar. Bu mövsüm forvard "Milonarios"un heyətində bütün turnirlərdə 13 matçda 6 qol vurub.
Qeyd edək ki, Falkao karyerasına "Millonarios"un gənclər akademiyasında başlayıb və oradan 15 yaşında "River Pleyt"ə keçib. Təcrübəli forvard əsasən "Porto", "Atletiko" (Madrid), "Mançester Yunayted", "Monako", "Qalatasaray" və "Çelsi"dəki çıxışları ilə tanınır. O, Kolumbiya millisinin heyətində 105 matçda 36 qol vurub.