Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununa çıxdı. Komandamız 11 gün ərzində keçirdiyi 4-cü matçında qrupun digər autsayderi Belarusu qəbul etdi. Matc.az saytı xəbər verir ki, ilk üç qarşılaşmada qola və qələbəyə həsrət qalan Canni de Byazinin yetirmələri bu tilsimi "Dalğa Arena"da qırdılar.

Millətlər Liqası
C liqası, 3-cü qrup
4-cü tur
13 iyun

Azərbaycan – Belarus – 2:0
Hakimlər: Anastasios Papapetrou, Trifon Petropulos, Yordanis Aptosoğlu, Georgios Tzovaras (Yunanıstan)
Bakı. "Dalğa Arena"
Qollar: Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 18. Cəlal Hüseynov, 13. Abbas Hüseynov (7. Namik Ələskərov, 73), 3. Azər Salahlı (19. Anton Krivotsyuk, 59), 14. Eddi İsrafilov (6. Coşqun Diniyev, 59), 20. Riçard Almeyda (22. Aleksey İsayev, 73), 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov (10. Mahir Emreli, 59), 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 16. Dmitri Nazarov, 17. Toral Bayramov, 21. Anatoli Nuriyev
Baş məşqçi: Canni de Byazi

Belarus: 12. Pavel Pavlyuçenko, 4. Ruslan Xadarkeviç, 6. Sergey Politeviç, 2. Kirill Peçenin, 8. Qleb Şauçenka (13. Dmitri Bessmertnı, 86), 5. Vladislav Malkeviç (19. Dmitri Podstrelov, 71), 3. Valeri Baçarov (23. Valeri Qromiko, 57), 14. Yevgeni Yablonski (k), 9. Maks Ebonq, 21. Vladislav Klimoviç (7. Artyom Bıkov, 57), 10. İvan Baxar (11. Yeqor Boqomolski, 71)
Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 20. Zaxar Volkov, 22. Roman Bequnov
Baş məşqçi: Georgi Kondratyev

Dəyişməyən taktika, "11-liy"ə düşməyən legionerlər
Bu oyunu bir növ autsayderlərin dueli kimi də qələmə vermək olardı. Hətta əksəriyyət hesab edir ki, məhz bu cütlüyün şəxsi görüşlərindəki nəticələri D liqasına yuvarlanacaq komandanın müəyyənləşməsində həlledici rol oynayacaq.

İlk 3 turda yeganə xalını Belarusdan alan yığmamız rəqib qapılarına yol tapa bilməsə də, baş məşqçi Canni de Byazi 5-3-2 taktiki sxemindən yenə əl çəkməmişdi. Halbuki, italiyalı bu seçiminə görə dəfələrlə futbol ictimaiyyətinin qınaq obyektinə çevrilib. Əsas kapitanlar Maksim Medvedev və Qara Qarayevi ehtiyatda saxlayan çalışdırıcı yenə də "Qarabağ"ın 6 oyunçusuna start heyətində yer vermişdi. Maraqlıdır ki, "23-lük"də yer alanlardan yalnız bir legioner ilk "11-liy"ə layiq görülmüşdü. Emil Balayev, Namik Ələskərov, Mahir Emreli, Anton Krivotsyuk və Dmitri Nazarov kimi legionerlər isə ehtiyatdan vaxtını gözləməli idilər.

Bəhlul Mustafazadə, Bədavi Hüseynov və gənc Cəlal Hüseynov müdafiənin mərkəzində qapıçı Şahruddin Məhəmmədəliyevin əsas "qoruyucuları" idi. Cinahlar Azər Salahlı ilə Abbas Hüseynova tapşırılmışdı. Onların öhdəliyi həm hücumda, həm də müdafiədə komandaya kömək olmaq idi. Eddi İsrafilov "Neftçi"də olduğu kimi, dayaq yarımmüdafiəçisi funksiyasını icra edirdi. Riçard Almeydanın vəzifəsi müdafiə ilə hücum arasında körpü rolunu oynamaq idisə, meydana kapitan kimi çıxan Emin Mahmudov hücumçulara daha yaxın oynamalı idi. Qol həsrətinə son qoymağımız isə Ramil Şeydayevlə Renat Dadaşovdan asılı idi.

Keyfiyyətsiz, tempsiz 45 dəqiqə
Matçda yüksək temp, onsuz da, gözlənilmirdi. İlk dəqiqələrdən azarkeşlər komandaların ifasında elə də keyfiyyətli mübarizə izləmədi. Doğrudu, futbolçularımız topa daha çox sahib olurdular. Bu da meydan amilinin gətirdiyi üstünlük idi. Ancaq təhlükəli hücumların qurulmasına bunun köməyi olmurdu. Meydanın rəqibə aid hissəsinə keçdikdə futbolçular arasında anlaşma itirdi ki, nəticədə hücumlar yarımçıq kəsilirdi. De Byazinin yetirmələri yalnız standart vəziyyətlər və rəqib müdafiəçilərin arxa xətdə buraxdıqları səhvlər zamanı Pavel Pavlyuçenkoya həyəcanlı anlar yaşada bilirdilər. Onda da son zərbələr dəqiq alınmırdı. Əvəzində qonaqlar tək-tük hücumlar zamanı düşünülmüş kombinasiyalarla diqqət çəkirdilər. Hətta ilk yüz faizlik qol şansını Belarus yaratdı.

Georgi Kondratyevin kollektivinin nisbət zəif nəzərə çarpması başadüşülən olmalıdı. çünki bəzi aparıcı oyunçular qısa müddət əvvəl milli karyerasını başa vurub və komanda yeni formalaşır. Buna baxmayaraq, birinci hissənin ortalarından etibarən qonaqlar təşəbbüsü də ələ aldılar. Belarusun növbəti dəfə hesabı açmasına yenə Şahruddin imkan vermədi. Statistikaya nəzər salsaq, qonaq komandanın zərbə sayında yığmamızı ikiqat qabaqladığını görərik.

3 dəqiqəyə bəhrə verən dəyişiklik
İlk yarıdakı zəif performansdan sonra komandamızın fasilədən sonra dəyişikliklərlə meydana çıxacağı güman edilirdi. Lakin nədənsə, de Byazi "11-liy"ə yenə toxunmadı. Düzdü, yığma ikinci hissəyə qolla başlaya bilərdi. Matç ərzində yaradılan ilk real imkandan yararlanmaq mümkün olmadı. Abbas Hüseynovun fərqlənməsinə qapı çatı mane oldu. Ancaq futbolçularımız bunun davamını gətirə bilmədi. Yenə nəzarət tamamilə qonaqların əlinə keçdi. Oyunun alınmadığını görən de Byazi 59-cu dəqiqədə birdən-birə üç əvəzləməyə əl atdı. Ancaq dəyişikliklərin hamısı mövqelər üzrə oldu. İtaliyalı hücumda çoxala bilmədiyimizi gördüyü halda, 5-3-2 sistemini dəyişmədi.

Baş məşqçi yalnız 73-cü dəqiqədə taktikanı dəyişərək 3-lü hücuma keçdi. Mahir Emrelidən sonra Namik Ələskərovun da mübarizəyə qoşulması ilə ön xətt oyunçularının sayı artdı. Bu, irəlidə futbolçuların boşluq tapmalarına kömək etdi və cəmi 3 dəqiqə sonra hesabda da öz əksini tapdı. Fərdi keyfiyyətini ortaya qoyan Mahir Emreli sol ayağı ilə topu uzaq küncə məharətlə göndərdi. Bu qol qonaqların intizamlı oyununu da dağıtdı. Artıq kor-koranə irəli atılan belaruslular müdafiədə ciddi boşluqlar buraxmağa başladı. Son saniyələrdə bundan yararlanan komandamız ikinci qolu da vurmağa müvəffəq oldu. Bu dəfə Mahirin qazandığı topu sürətlə cərimə meydanına daxil olan Şeydayev tora qovuşdurdu.

Beləliklə, həm qol, həm də qələbə həsrətinə son qoyan milli komandamız xallarının sayını 4-ə çatdıraraq, qrupda 3-cü pilləyə yüksəldi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest