"Mançester Siti"nin və İspaniya millisinin sabiq yarımmüdafiəçisi David Silva karyerasını bərpa edib və Honkonq çempionatında çıxış edən "Şa Tin" klubu ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şa Tin" Honkonq Premyer Liqasının debütantıdır. Klub 2023-cü ildə təsis edilib. 2026/2027-ci illər mövsümünün start götürmüş ilk dörd turunda komanda 3 xal toplayıb və turnir cədvəlində 11 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Millilərin oyunları ilə bağlı yaranan fasilədə "Şa Tin" baş məşqçi postuna ingiltərəli Tom Ballantaynı təyin edib.
Qeyd edək ki, David Silva 2023-cü ilin yayında İspaniyanın "Real Sosyedad" klubunda karyerasını başa vurmuşdu. 40 yaşlı futbolçu İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu, 2008 və 2012-ci illərdə isə iki dəfə Avropa çempionu olub.













