"Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldonun Premyer Liqanın 32-ci turu çərçivəsində "Everton"la səfər oyunundan (0:1) sonra azarkeşlə insidenti xoşagəlməz istiqamətdə inkişaf edir. Matc.az xəbər verir ki, təcrübəli futbolçu məğlub olduqları görüşdən sonra onun videosunu çəkən yeniyetmə azarkeşin telefonunu alıb və əlinə vurub.

Sonradan məlum olub ki, 14 yaşlı həmin yeniyetmə autizm xəstəliyindən əziyyət çəkən Ceyk Hardinqdir. Artıq baş verən hadisə ilə bağlı Mersisayd polisi araşdırma başladıb. "Mançester Yunayted"in də klub olaraq hadisəni nəzarətə götürdüyü bildirilir.

Ronaldo matçdan sonra baş verən hadisəyə görə sosial şəbəkə hesabında azarkeşdən üzr də istəmişdi. 37 yaşlı forvard belə anlarda emosiyalara hakim olmağın heç də həmişə asan olmadığını bildirmişdi: "Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzu sevən gənclərə nümunə olmalıyıq. çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi "Old Trafford" stadionundakı oyunumuza baxmağa dəvət edirəm".

Amma oğlanın ailəsi futbolçunun bu dəvətini qəbul etməyiblər. Onların fikrincə, Ronaldonun açıqladığı sözlər də səmimi deyil. Ceykin anası Sara Kelli yerli mətbuata açıqlamasında baş verən hadisəni belə nəql edib:

"Oyundan sonra oğlum paltardəyişmə otağına yollanan "Mançester Yunayted"in futbolçularını telefonla videoya çəkirdi. O, Ronaldonu görəndə telefonu aşağı endirdi. çünki Ronaldonun ayağının qanadığını görmüşdü. O, həmin anda heç bir söz işlətməyib. Ronaldo dəhşətli əhval-ruhiyyədə yanından keçərkən əliylə telefonu kənara vurub və yoluna davam edib. Videoda da kontakt olduğu görünür. Mən bu barədə danışdığıma belə inana bilmirəm. Oğlum buna görə çox məyusdur. Ronaldo oğlumun bir daha oyuna getmək həvəsini öldürdü. O, autizm və dispraksiyadan əziyyət çəkir. Bu, onun canlı izlədiyi ilk futbol matçı idi. Amma bu hadisə hər şeyi korladı".

Yeniyetmənin anası Ronaldonun yalnız sosial şəbəkə vasitəsilə üzr istəməsindən də narazı qalıb: "O, öncə oğlumla əlaqə saxlayıb üzr istəməli, daha sonra öz hesabında nələrsə yazmalı idi. Bunun üçün onun kifayət qədər zamanı da var idi. Ronaldo orada olanların uşaq olduğunu bilirdi. Bu, bir oyundur, deyilmi? Həmişə qələbə qazanmaq olmaz ki. Onun oğlumu "Mançester Yunayted"in oyununa dəvət etməsi də kobudluqdur. Biz "Everton" azarkeşlərinin nəyinə lazımdır "Mançester Yunayted"in oyunu? O, hətta "həmin azarkeşi" sözünü işlədib. Bu, mənə görə çox zəif üzrxahlıq idi".

Hadisənin bu qədər böyüməsindən sonra Ronaldonun hansı addımı atacağı maraqla gözlənilir. Böyük ehtimalla o, həm yeniyetmənin özü, həm də anası ilə şəxsən görüşməli və üzr istəməli olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest