"Tarixdə görmədiyimiz günləri yaşayırıq. Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov səhər saat 5-də şəxsən gələrək, öz idmançılarını hava limanında qarşılayır". Matc.az xəbər verir ki, bu fikirləri Norveçin paytaxtı Oslodakı dünya çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçisi Rafiq Hüseynov "İnstagram" hesabında yazıb.
 
87 kq çəki dərəcəsində çıxış edən 33 yaşlı pəhləvan nazirin belə jestini örnək addım hesab edib: "Bu, hər rəhbər vəzifəli şəxsə nümunədir və əlbəttə, bizim üçün şərəf, gələcək yarışlarda daha əzmlə çalışmağımıza vadar edən addımdır. Bizə dəyər verdiyiniz üçün təşəkkürlər, cənab nazir".
 
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb. Rafiq Hüseynovdan əlavə Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest