Yunanıstanın "Olimpiakos" komandası UEFA çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda "Neftçi"yə qarşı keçirəcəyi cavab matçı öncəsi ciddi problemlərlə üzləşib. Matc.az xəbər verir ki, Pireydə baş tutan ilk qarşılaşmada bu komandanın daha bir neçə futbolçusu sıradan çıxıb.
 
Kapitan Andreas Buxalakis "Neftçi" ilə oyunun 17-də dəqiqəsində zədələnmişdi. Onun cavab qarşılaşmasında iştirak etməsi inandırıcı görünmür. İlk oyunda komandasının yeganə qoluna imza atan Məhəmməd Kamara isə 43-cü dəqiqədə Namiq Ələsgərova qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu. O da cəza səbəbindən Bakıda meydana çıxa bilməyəcək.
 
Yussef əl-Arabinin də "Neftçi"yə qarşı meydana çıxması ehtimalı azdır. O, hələ ilk matçdan əvvəl koronavirusa yoluxub. Sokratis Papastatopulos da onunla təmasda olduğuna görə karantinə alınıb. Bu oyunçuların Bakıdakı matçda meydanda olması üçün sonuncu COVİD-19 testi neqativ çıxmalıdır. Əks halda onlar cavab görüşünü də buraxacaqlar. 
 
Digər zədəlilərdən Yan Mvila, Tikinyo Soares və Kostas Fortunisin də Bakıdakı görüşdə meydana çıxmayacağı bildirilir.
 
Qeyd edək ki, iyulun 28-də Bakıda keçiriləcək "Neftçi" - "Olimpiakos" matçına saat 21:00-da start veriləcək. Azərbaycan çempionu ilk oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest