"Yuventus" polşalı qolkiperi Kamil Qrabaranın zədələnməsindən sonra yeni qapıçı axtarışına başlayıb.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Turin təmsilçisi 27 yaşlı qapıçının sağ dizinin ön çarpaz bağlarının qopması xəbəri ilə sarsılıb. Yayda "Volfsburq"dan icarəyə götürülən və Avropa Liqasında NIK-ə qarşı keçirilən yeganə rəsmi oyunda (5:0) məhsuldar ötürmə ilə yadda qalan polşalının sıradan çıxması rəhbərliyi hərəkətə keçirib. Mövcud vəziyyətlə əlaqədar klub rəsmilərinin azad agentlər bazarına üz tutmağı planlaşdırdığı vurğulanır.

İtaliya nəhənginin transfer siyahısında artıq ilk namizədlər müəyyənləşib. İddialara əsasən, bura "Sevilya" və PSJ-nin sabiq qolkiperi Serxio Riko, həmçinin daha əvvəl 2015-2017-ci illərdə Turin klubunun şərəfini qorumuş 37 yaşlı braziliyalı Neto daxildir. Rəhbərliyin qısa müddətdə bu variantlardan birini rəsmiləşdirəcəyi gözlənilir.

Hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşan Luçano Spalettinin komandası bu gün, sentyabrın 20-də doğma meydanda "Atalanta"nı qəbul edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest