"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın VII turunda "Sevilya" ilə oyunda (3:1) het-trik edən Rafinya barədə danışıb.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Almaniyalı mütəxəssis klubun idman direktoru Dekunun braziliyalı futbolçu ilə müqavilənin 2030-cu ilə qədər uzadılması barədə tərəflərin razılığa gəlməsi ilə bağlı açıqlamasına müsbət reaksiya verib.

O, Rafinyanın komanda üçün ideal kapitan olduğunu vurğulayıb:

"Onun səviyyəsi çox yüksəkdir. Keyfiyyətinə bələdik və ondan çox razıyıq. Dinamik, top-səviyyəli oyunçudur. Onu "doqquzluq" mövqeyinə qoymaq qərarını məşqçilər heyəti qəbul etdi. Özü də "yalançı doqquzluq" mövqeyində oynamaqdan çox məmnundur.

Müqavilənin uzadılması klub tərəfindən verilən ən doğru qərardır. Onun tribunalarla, komanda ilə necə bağ qurduğunu görəndə anlayırsan ki, o, ideal kapitandır", – deyə Flik bildirib.

Qeyd edək ki, Rafinya ardıcıl ikinci matçda het-trik etməklə diqqət məkzindədir. O, cari mövsümdə keçirdiyi 8 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda Kataloniya təmsilçisi La Liqanın turnir cədvəlinə başçılıq edir. Onlar keçirdikləri yeddi oyunun hamısında qalib gəliblər və 31:7 top fərqinə malikdirlər.

Növbəti turda "Barselona" "Xetafe" ilə qarşılaşacaq. Oktyabrın 10-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest