Kanada millisinin baş məşqçisi Cessi Marş dünya çempionatı 2026-nın 1/8 final mərhələsi çərçivəsində Mərakeş yığmasına qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin gücünə diqqət çəkərək növbəti mərhələ barədə danışıb:
"Məhz burada, yəni dünya çempionatının 1/8 finalında olmağı gözləyirdik və buna can atırdıq. Bilirik ki, Mərakeş millisi hər addımda mübarizə aparacaq, bu komandanın zəif tərəfi yoxdur. Biz yaxşı bacardığımız işləri keyfiyyətlə yerinə yetirməliyik. Görək, bu, belə bir rəqiblə matçda bizə kömək edəcəkmi?
Keçən dünya çempionatında məhz Mərakeşə uduzduğumuzu və indi səhvlərimizi düzəltməli olduğumuzu bəyan etmək üçün xüsusi bir motivasiyamız yoxdur. İndi hər şey fərqlidir. Bizim rəqibimiz də dəyişib, özümüz də dəyişmişik. Biz sadəcə istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni etmək istəyirik.
Rəqibimiz bu məqamın nə qədər vacib olduğunu anlayır. Növbəti matçda rəqibin özünün ən yaxşı oyununu nümayiş etdirəcəyini gözləyirəm, əksini düşünmək ağılsızlıq olardı".
Qeyd edək ki, Kanada və Mərakeş milliləri arasındakı qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.













