UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün ən dəyərli oyunçusunun (MVP) adına aydınlıq gətirib. Turnirin qalibi PSJ-nin və Gürcüstan millisinin lideri Xviça Kvaratsxeliya Avropanın ən yaxşısı ünvanına layiq görülüb.

Matc.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcü vinger geridə qalan mövsümdə PSJ forması ilə Çempionlar Liqasında meydana çıxdığı 16 oyunda 10 qol və 7 məhsuldar ötürmə (17 qol+ötürmə) performansı nümayiş etdirərək turnirə damğasını vurub.

25 yaşlı futbolçu parislilərin turnirdəki ardıcıl ikinci çempionluğunda əsas pay sahibi olub. Budapeştdə London "Arsenal"ına qarşı keçirilən gərgin final matçında Usman Dembelenin bərabərlik qolunu vurması ilə nəticələnən penaltini məhz Kvaratsxeliya qazandırıb. O, qarşılaşmanın 83-cü dəqiqəsində yerini Bredli Barkolaya təhvil vermişdi.

Xatırladaq ki, 2025-ci ilin yanvarında Paris klubuna qoşulan və ötən il də bu kuboku qazanan Xviçanın PSJ ilə 2029-cu ilin yayına qədər müqaviləsi var. "Transfermarkt" portalı onun dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest