UEFA Millətlər Liqasının formatı 2028/29 mövsümündən etibarən dəyişdiriləcək.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Dəyişikliklər bu gün, sentyabrın 15-i çərşənbə axşamı günü UEFA İcraiyyə Komitəsinin Salonikidə keçirilən iclasında təsdiqlənib. Turnirin 4 liqalı sistemdən 3 liqalı sistemə keçməsi barədə qərar qəbul olunub.
Müvafiq olaraq, növbəti həftə start götürəcək Millətlər Liqasının 2026/27 mövsümü keçid xarakteri daşıyacaq və onun nəticələrinə əsasən 4 divizionlu struktur 3 divizionlu formata çevriləcək.
Pley-off mərhələsində A Liqasının 8 ən yaxşı komandası (4 qrupun hər birindən ilk 2 yeri tutanlar) əvvəlki kimi kubok uğrunda mübarizə aparacaq. Lakin liqalararası yerdəyişmə qaydaları dəyişəcək.
Əvvəllər A Liqasının 4 ən zəif komandası (qruplarda sonuncu yeri tutanlar) aşağı diviziona düşürdü, onların yerini isə B Liqasının 4 qrup qalibi birbaşa tuturdu. A Liqasında üçüncü olan komandalar isə B Liqasının ikinciləri ilə 2 oyundan ibarət pley-off oynayırdılar.
2026/27 mövsümündə A Liqasında qrupunu sonuncu sırada bitirən 4 komandadan yalnız 2 ən zəif fərqlənəni aşağı yuvarlanacaq. Üçüncü yeri tutan 4 komandadan 2 ən yaxşı göstəriciyə malik olanı isə A Liqasında yerini qoruyacaq. Üçüncü yeri tutan digər 2 ən zəif komanda ilə dördüncü sıranı tamamlayan 2 ən yaxşı kollektiv B Liqasının ikincilərinə qarşı pley-offda qüvvəsini sınayacaq. B Liqasının qrup qalibləri isə əvvəlki kimi birbaşa A Liqasına yüksələcəklər.
B Liqasında üçüncü yeri tutan komandalar elə bu divizonda qalacaq, dördüncülər isə C liqasına düşəcəklər. C Liqasının qrup qalibləri birbaşa yuxarı sinfə adlayacaq, ikinci yeri tutanlar isə B Liqasının üçüncüləri ilə pley-off matçları keçirəcəklər.
C Liqasında 3-cü və 4-cü yerləri tutan komandalar bu divizionda qalacaq, D Liqasının bütün iştirakçıları isə C Liqasına keçəcəklər.
Bu dəyişikliklərin nəticəsində növbəti mövsümdən etibarən hər birində 18 komanda olmaqla üç divizion formalaşdırılacaq. Hər divizionda komandalar 6 kollektivdən ibarət 3 qrupa bölünəcək və oyunlar bir dövrədən ibarət olacaq.


_1789490455.jpg)
_1789485061.jpg)









