Premyer Liqada qış fasiləsi artıq sona yaxınlaşır. Gələn həftə XVII tura start veriləcək və “Kəpəz” səfərdə ölkə çempionu “Qarabağ”ın qonağı olacaq. Lakin komandanın mövcud durumu ilə bağlı suallar təkcə meydandakı rəqiblə məhdudlaşmır.

Mövsümün əvvəlində heyətdə baş verən dəyişikliklər futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Yay transfer dövründə cəlb olunan beş legionerlə yolların ayrılması, birinin isə əvəzedici komandaya göndərilməsi diqqət çəkdi. Əvəzində heyətə cəmi iki futbolçu – Veysəl Rzayev və gürcü Mate Abuladze cəlb olundu ki, bu iki adla Premyer Liqada qalmaq müşkül məsələdi.

Heyətdəki çatışmazlıq kənardan da aydın görünür. Elə bu üzdən illərdi “Kəpəz”ə könül verən gəncəli azarkeşlər də narahatdı. Onları düşündürən əsas sual budu: rəhbərlik niyə futbolçu almır?

Klub rəhbərliyinin son dövrlərdəki fəaliyyəti də müzakirə predmetidi. İdarə Heyətinin sədri Adil Vəliyevin komandanın texniki heyəti ilə kommunikasiya səviyyəsi barədə müxtəlif fikirlər səsləndirilir. Bu məsələlərlə bağlı klub tərəfindən rəsmi açıqlama verilmədiyindən, mövcud vəziyyət suallar doğurur.

İdarə Heyətinin üzvü Fərman Əlizadənin fəaliyyəti ətrafında da fərqli yanaşmalar var. Bəzi müşahidəçilər hesab edirlər ki, hazırkı mərhələdə klubun idarəçilik baxımından daha effektiv mexanizmlərə ehtiyacı var. Bu kontekstdə infrastruktur və texniki xidmətlərlə bağlı məsələlər də diqqət mərkəzinə düşür.

Məsələn, fanat.az saytında dərc olunan yazıda qeyd edilir ki, “Kəpəz”in məşq infrastrukturu ilə bağlı xidmətlər “Agrosport” şirkəti tərəfindən həyata keçirilir. Mənbənin məlumatına görə, şirkət klubun iki təbii məşq meydanına xidmət göstərir və bu xidmət müqabilində sanballı ödəniş alır. Eyni zamanda, Fərman Əlizadənin həm klub rəhbərliyində, həm də adıçəkilən şirkətdə təmsil olunması futbol ictimaiyyətində müzakirələrə səbəb olur.

Müxtəlif mənbələrdə səslənən məlumatlara əsasən, bu xidmətlərin aylıq dəyəri təxminən 24 min manat civarındadı. Klubun mövcud maliyyə imkanları fonunda bu məbləğin səmərəliliyi ilə bağlı suallar yaranır.

Yeri gəlmişkən, bu məlumatların dəqiqləşdirilməsi və mövzunun balanslı şəkildə işıqlandırılması üçün klubun rəsmi mövqeyini dərc etməyə hər zaman hazırıq.

Hazırkı vəziyyətdə isə əsas sual açıq qalır: görülən işlər və qəbul edilən qərarlar “Kəpəz”in mövcud problemlərinin həllinə töhfə verəcəkmi? Görək, Fərman komandaya həqiqətən dərman ola biləcəkmi?

SAMİR

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest