"8 oyunun hamısında məğlubiyyət alacağımızı əvvəlcədən bilsəydim, yenə də Çempionlar Liqasında iştirak etməyi seçərdim"
"Ferentsvaroş"un futbolçusu Qruber Zombor UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab matçından öncə Macarıstan mətbuatına müsahibə verib.
Matc.az xəbər verir ki, "index.hr" saytına danışan 20 yaşlı hücumçu Azərbaycan çempionunu məğlub edə biləcək gücdü olduqlarını bildirib::
"Etiraf etməliyik ki, ilk oyun planlaşdırıldığı kimi getmədi. İkinci hissədə ritmimizi itirdik və rəqibin bizdən üstün olmasına imkan verdik. Bu, asan vəziyyət deyil. Amma vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik. Hamımız Çempionlar Liqasında oynamaq istəyirik. İlk matçdan sonra hamımız qəzəbli idik. Çünki biz onları məğlub etmək üçün kifayət edəcək performansa qadir olduğumuzu hiss edirik. Bunu etmək üçün şanslarımızdan daha yaxşı istifadə etməliyik. Çempionlar Liqasının himnini ən azı 8 dəfə eşitmək istəyirik. 8 oyunun hamısında məğlubiyyət alacağımızı əvvəlcədən bilsəydim, yenə də Çempionlar Liqasında iştirak etməyi seçərdim".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı bu gün saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.