"Spartak" "Qalatasaray"ın müdafiəçi Karlos Kuestanı transfer etməkdən imtina edərsə, İstanbul klubu onları məhkəməyə və FİFA-ya şikayət etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Osman Altunterim paylaşıb.
Bildirilir ki, Moskva klubu başqa futbolçu ilə maraqlandığı üçün Kuestanın transferini başa çatdırmaya bilər. Türkiyə nəhəngi müdafiəçinin transferi ilə bağlı artıq "Spartak"la anlaşıb. Futbolçunun özü və menecerləri isə bir neçə gündür Rusiyadadır.
Əgər Rusiya klubu indi Kuesta ilə müqavilə imzalamaqdan imtina etsə, böyük ehtimalla onun səhhətindəki problemlərlə bağlı olduğunu əsas gətirəcək. Lakin müdafiəçi artıq "Qalatasaray"ın mövsümöncəsi toplanışdan əvvəl bütün lazımi müayinələrdən keçib və tibbi arayış alıb.
"Spartak" həqiqətən də bunu etsə, "Qalatasaray" məhkəməyə və FİFA-ya şikayət edəcək.