Veteran futbolçu Ceyhun Sultanovun matc.az saytına müsahibəsi

- 2024/25 mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılacağı haqda söz-söhbətlər gəzsə də, bu, olmadı. Komanda sayının 10 olaraq saxlanılması qərarını necə qarşıladınız?

- Çox adam elitada komanda sayının artırılacağını gözləyirdi, amma Premyer Liqada iştirakçı sayı 10 olaraq saxlanıldı. Mən düşünürəm ki, say artırılıb maliyyə baxımından problem yaşanılacaqdısa, elə 10 komanda qalmağı yaxşıdı. Amma gələcəkdə sayı 12, 14 edilməsi daha yaxşı olardı. İnkişaf istəyiriksə, qarşıdakı illərdə komanda sayı artırılmalı və maliyyə çoxaldılmalıdı.

- Deməli, qarşıdakı illərdə yüksək dəstədə komanda sayının artırılacağına inanırsınız…

- Əlbəttə, qarşıdakı illərdə komanda sayı mütləq artırılmalıdı. Əks halda, futbolun inkişafından danışmağa sözümüz olmayacaq. Məncə, gələcəkdə bunun haqqında düşünəcəklər. Amma bu gün üçün belə qərar qəbul edilib.

- “Qəbələ”nin növbəti mövsümdə I Liqada mübarizə aparması bu klubu çox geri salmayacaq?

- Təbii ki, “Qəbələ”nin Premyer Liqanı tərk etməsi kluba təsir göstərəcək. Amma idman prinsiplərinin qorunması da vacib idi. Heç olmasa, I Liqada oynadığı müddətdə klubun akademiyasına yaxşı maliyyə dəstəyi olmalıdı. Lap deyək ki, əsas komanda 1 ildən sonra Premyer Liqaya qayıda bildi. Bununla belə, akademiyaya maliyyə dəstəyi edilməsə, qarşdakı 1 il ərzində oranın fəaliyyəti nə dərəcədə olacaq, bunu deyə bilmərəm. “Qəbələ”nin I Liqada çıxış edəcəyi reallıqdı. Sadəcə, akademiyaya diqqəti artırmaq və oraya ayrılan büdcənin azalmasına imkan verməmək lazımdı.

- “Qəbələ”nin Premyer Liqanı tərk etməsinin günahı kimdə və ya kimlərdədi? İki dəfə Avropa Liqasının qrupunda oynamış klub niyə bu hala düşdü?

- “Qəbələ”nin Premyer Liqadan düşməyində klubdakı hər kəsin günahı var. Tək bir nəfərin adını çəkə bilmərəm. Əgər komanda Premyer Liqadan düşürsə, deməli, hamı günahkardı. Son 1 ildə komandanın heyəti elə də pis deyildi. Sadəcə olaraq, bu vəziyyətdən çıxa bilmədilər.

- Rəhbərlik Kaxaber Sxadadzeni gətirməkdə gecikdi, yoxsa ümumiyyətlə baş məşqçi dəyişikliyi edilməməli idi?

- Kaxa gələndən sonra da heç nə dəyişmədi. Məncə, “Qəbələ”də ümumi problemdi, tək baş məşqçi ilə bağlı deyil. Gördük ki, baş məşqçini də dəyişdilər, lakin vəziyyətdən çıxa bilmədilər. Bizim üçün klubun problemlərindən danışmaq çox çətindi. Çünki komandanın içində olmadığımız üçün çox şeyi bilmirik. Bilinən odu ki, “Qəbələ” növbəti mövsümdə I Liqada çıxış edəcək.

- Hazırda çempionatda ikinci yer və avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedir. Hansı komandaları bu mübarizədə daha şanslı sayırsınız?

- 4 komanda ikincilik və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Həmişə deyirəm ki, mövsümün sonu yaxınlaşdıqca komandaların üzərində təzyiq daha çox olur. Belə durumda kim az səhv edirsə, o da istəyinə çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest