Topaz Premyer Liqasının III dövrəsini turnir cədvəlinin şərikli lideri olaraq tamamlayan "Neftçi" yeni mövsümün planlarını cızmağa başlayıb. Matc.az saytına daxil olan məlumata görə, "ağ-qaralar" heyətdə ciddi islahatlar aparmaq fikrindədi.

Prezident Kamran Quliyev və menecer Ceyhun Sultanov, xüsusilə, yerli oyunçulardan bəziləri ilə yolları ayırmağı planlaşdırır. Əgər mövsümün sonunda komanda çempion olsa, "Şerif"dən sol cinah müdafiəçisi Kristianonun transfer ediləcəyi gözlənilir. Artıq sponsorlardan bununla bağlı razılıq alınıb.

Baş məşqçi Roberto Bordinin yaxşı tanıdığı keçmiş tələbəsi sərəncamında olsa, bu halda komandadan kimin gedəcəyi də məlumdur. Əldə etdiyimiz məlumata görə "ağ-qaralar"ı tərk edəcək futbolçulardan biri böyük ehtimalla Tural Axundov olacaq. Müdafiəçinin səviyyəsinin Bordini qane etmədiyi, bu səbəbdən onunla mövsümün sonunda vidalaşılacağı ehtimal olunur.

Komandadan göndəriləcəyi ehtimal olunan bir digər yerli oyunçu isə Mirabdulla Abbasovdur. 22 yaşlı forvard mövsümü uğurlu keçirsə də, heç cür baş məşqçi və rəhbərliyin "gözünə girməyi" bacarmır.

Mövsümün geridə qalan bütün qarşılaşmalarında forma geyinən və 6 qola imza atan Mirabdullanın çıxışını qənaətbəxş hesab etmək olar. Nəzərə alsaq ki, turnirin bombardiri Abbasovdan cəmi 3 qol artıq vurmuş komanda yoldaşı Baqali Dabodur, bu zaman forvardın məhsuldarlığı haqqında da xoş sözlər söyləmək olar.

22 yaşlı gənc futbolçunun geridə qalan 21 matçda 1135 dəqiqə meydanda olması və bu qarşılaşmaların 6-da komandasına birbaşa xeyir verməsi heç də pis göstərici deyil.

Amma görünür hətta bu keyfiyyətləri də rəhbərliyi qane etmək üçün yetərli olmayıb. çünki mövsümün ilk yarısında Karikari vasitəsilə süni əngəl yaradılan Abbasovu, ikinci dövrədə isə yeni transfer Sansonenin kölgəsində saxlamağa çalışırlar.

Yeni transfer hədəflərindən və bizə çatan məlumatlardan belə aydın olur ki, "Neftçi" rəhbərliyinə yerli oyunçularla işləmək sərf eləmir. Əcaba, buna səbəb əcnəbi transferlərindən gələn komisyon haqqıdırmı, yoxsa xüsusi bir səbəbi varmı?

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest