“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda ən çox qol vuran komanda olub. 15 dəfə rəqib qapılarına yol tapan “ağ-qaralar”ın orta məhsuldarlığı 3,00-ə bərabərdir.

Matc.az xəbər verir ki, bu, Premyer Liqada son 12 mövsümün rekordunun təkrarıdır. 2016/17 mövsümündə “Qəbələ” ilk 5 matçında 15 qola sevinib. Daha yüksək məhsuldarlıq isə sonuncu dəfə 2014/15 mövsümündə qeydə alınıb. Həmin vaxt “İnter” (indiki “Şamaxı”) 16 qola sevinib.

“Nefttçi” özünün XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb. Bakı klubu sonuncu dəfə 2000/01 mövsümündə daha çox qol vurub. Ötən əsrə təsadüf edən son startda paytaxt təmsilçisi 5 oyunda 17 qol vurub.

“Neftçi”nin 6 qoluna imza atan Breno Almeyda son 14 mövsümün rekordunu təkrarlayıb. İlk 5 görüşdə daha çox qol vuran sonuncu oyunçu Junior Nildo 2012/13 mövsümündə AZAL-ın heyətində 7 dəfə fərqlənib. Sonrakı illərdə Baqali Dabo (“Qəbələ”) 2016/17, Ramil Şeydayev (“Qarabağ”) 2022/23 mövsümündə Breno kimi 6 qol vurub.

“Neftçi”də isə son 16 mövsümdə ilk dəfə futbolçusu ilk 5 qarşılaşmada bu qədər qol vurub. 2010/11 mövsümündə Bahodir Nasimov 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest