"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 34-cü turunun "Qarabağ"la qarşılaşmasından sonra (0:3) açıqlama verib.

"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının XXXIV turunda "Qarabağ"la keçirilən oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, mütəxəssis 0:3 hesablı məğlubiyyətə baxmayaraq, komandasından razılıq bildirib:

"İlk növbədə "Qarabağ"ı layiqli çempionluq münasibətilə təbrik edirəm və çempionlar Liqasında onlara uğurlar arzu edirəm. Komandamız bu gün bacardığı qədər mübarizə apardı. ümumiyyətlə, bu matçda ilk qolu vuran qələbə qazanacaqdı. Böyük danışmaq olmasın, ilk hissədə iki qol imkanından yararlana bilmədik. 71-ci dəqiqədə standart vəziyyətdən qol buraxdıqdan sonra komanda "sındı". Belə rəqibə qarşı geridönüş etmək çox çətindi. Səviyyə, oyunçuların keyfiyyəti, beynəlxalq təcrübəsi öz sözünü dedi. Standart vəziyyətdən buraxdığımız iki qol yerində deyildi. Məncə, hesab oyuna görə deyildi. Sadəcə, səviyyə, futbolçuların individual hazırlığı və keyfiyyəti özünü əks etdirdi".
 
Diniyev hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşmalarına baxmayaraq, son iki tura nikbin yanaşır: "Artıq iki oyunumuz qalır. Hər iki matça maksimum nəticə üçün çıxmalıyıq. Hər şey öz əlimizdədi. Ruhdan düşmək lazım deyil. Futbolçularım "Qarabağ"a qarşı layiqli mübarizə apardı, 70 dəqiqə oyun baxımdan rəqibə uduzmadılar. Buraxılan ilk qol psixoloji cəhətdən təsir etdi".
 
Baş məşqçi elitada qalmaq məsələsini son tura saxlamaq istəmədiklərini əlavə edib: "Taleyimizi son tura saxlamamağa çalışacağıq. Son tur artıq lotereyadır. Ona görə də, növbəti turda Tovuzda uğurlu nəticə qazanmaq istəyirik. Komandamın sərgilədiyi oyun məni bu cür düşünməyə vadar edir. çalışacağıq ki, son tura saxlamayaq. Qalsa belə, komanda var gücü ilə oynayacaq. İlk gündən demişəm ki, komandamız Premyer Liqanı tərk etməyə layiq deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest