"Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 31-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib

"Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 31-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Bu gün çox yaxşı oyun izlədik. Komandama təşəkkür edirəm ki, belə yüksək səviyyəli futbol oynadı. Heç bir oyunda bu qədər qol epizodu yaratmamışdıq. Futbolçularıma heç bir iradım yoxdur. 3 xala çox yaxın idik. Bizim real qol vəziyyətlərimiz daha çox idi. Sadəcə, istifadə edə bilmədik. Qazanılan 1 xal da bizim üçün qızıldır. Premyer Liqada qalmaq üçün komandaya inamım çoxalıb. Futbolçuların məşqə, oyuna yanaşması məni tam razı salır. Birinci hissədə çox pressinq etdik. Pressinq etmək çətindir. Şükür ki, gücümüz sona kimi çatdı.
 
Statistikaya, qol vəziyyətlərinə baxanda biz bu gün 2 xal itirdik. Qələbə qazanmağa layiq idik. Təsadüfi qol vəziyyətləri yaratmadıq, düşünülmüş hücumlarımız var idi. 
 
Rotasiyalar etməyə məcburuq. 3-4 gündən bir oynamağa çətinlik çəkirik. Qəbələdə daha çox müdafiəyəmeyilli futbolçuları meydana buraxdıq. çünki, kubokun ilk matçında sərfəli nəticə qazanmaq lazım idi. Komandada ab-hava yüksək səviyyədədir. Hər kəs məsuliyyəti dərk edir. Komandanın oyununu düzəltmək üçün vaxt lazımdır. Artıq komanda futbol oynamağa başlayıb. 27 nəfərin hər biri eyni məşqi edir. Bu gün oyundan zövq aldım.
 
Mirabdulla Abbasov əməliyyatdan çıxıb. Komanda ilə məşqlərə təzə başlayıb. Hələ ki, hazır deyil. Məşqdə mən görürəm, oyunda siz görürsüz. Kim daha hazırdırsa, ona şans verirəm. Qoba Zakpanın son oyunlarda qol vurmağı mənə ümid verdi. Pis oynamadı. Ağabala Ramazanovun ustalıq səviyyəsinin aşağı olduğunu deməzdim. Sadəcə, tələskənlik olur. Bir az gərgin idi. çox istəyirdi komanda qələbə qazansın. Bəlkə də soyuqqanlılıq çatışmadı ki, çərçivəyə düşə bilsin".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest