Misli Premyer Liqasının XXX turu "Qəbələ"nin futbolçusu Ramon Maçado üçün ikiqat əlamətdar olub. Matc.az xəbər verir ki, braziliyalı hücumçu Azərbaycan çempionatında 50-ci oyununu keçirib. "Neftçi" ilə matçda hesabı açan legioner Premyer Liqada 10-cu qolunu vurub.
 
2022-ci ilin yayında "Qəbələ"yə keçən Maçado bunadək "Neftçi"də çıxış edib. O, Bakı klubunda 24, "qırmızı-qaralar"ın heyətində 26 çempionat görüşündə şans qazanıb. Ramon hər iki komandanın forması ilə eyni sayda – 5 qola imza atıb.
 
"Neftçi" ilə görüş "Qəbələ"nin daha iki braziliyalı futbolçusu üçün əlamətdar olub. Rafael Utziq və Felipe Santos Premyer Liqada yubiley matçına çıxıb. Yalnız "Qəbələ"də çıxış edən Rafael 75-ci çempionat qarşılaşmasında şans qazanıb. Felipe isə Premyer Liqadakı oyun sayını 50-yə çatdırıb. O, əvvəllər "Şamaxı"da forma geyinib. Bu matçlarda Utziq 14, Felipe 9 dəfə fərqlənib.
 
Xatırladaq ki, "Qəbələ" səfər matçında 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest