Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa nəhəngi “Köln” klubundan Antoni Modesteni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransadan olan 34 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
“Borussiya” bu transfer üçün “Köln” klubuna 5 milyon avro ödəyib. Modestenin yeni komandasında 20 nömrəli formanı geyinəcəyi açıqlanıb.
 
Antoni Modeste peşəkar karyerasına yetirməsi olduğu “Nitsa”da başlayıb. O, “Köln”ə qədər “Anje”, “Bordo”, “Blekbern”, “Bastiya”, “Hoffenhaym” kimi klublarda da forma geyinib. “Köln”ə 2015-ci ildə transfer olunmuş futbolçu 2017-ci ildə bu klubdan ayrılaraq Çinə, “Tianjin Quanjian”a transfer olunsa da, qısa müddətdən sonra yenidən Almaniyaya qayıdıb. “Köln” fransalı hücumçunu 2021-ci ildə də “Sent-Etyen”ə icarəyə vermişdi. Modeste geridə qalan mövsümdə Almaniya çempionatında meydana çıxdığı 32 oyunda 20 qol vurub. Bütövlükdə isə o, “Köln”də 156 oyunda 79 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
 
“Köln”ün müdafiəçisi Yannes Horn da “Bohum”a keçib. Almaniyadan olan 25 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 38 nömrəli formanı geyinəcək. “Bohum” azad agent kimi heyətinə qatdığı mərkəz müdafiəçisi üçün heç bir təzminat ödəməyəcək.
 
Yannes Horn “Volfsburq”un yetirməsidir. O, 2017-ci ildən “Köln”də çıxış edirdi. Futbolçu bu müddətdə “Hannover”də icarədə də olub. Peşəkar karyerası ərzində bütövlükdə 217 matça çıxmış Horn, 1 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest