Premyer Liqada XVI turun mərkəzi oyunu, şübhəsiz ki, "Sabah" - "Qəbələ" görüşü idi. Eyni xala malik və turnir cədvəlində qonşu olmaları, həmçinin bürünc mükafata iddia etmələri matça olan marağı daha da artırırdı.

Məqsəd İsayev və Təmkin Xəlilzadənin yoxluğunda "Sabah"ın cinahlarında problemin yaranması qaçılmaz idi. Baş məşqçi Elşad Əhmədov onların boşluğunu doldurmaq üçün taktiki sistemdə də dəyişikliyə əl atmışdı. 5-4-1-ə üstünlük verən Əhmədov sanki 1 xal üçün heyət seçmişdi. Təbii ki, itkilər və kasad heyətin fonunda bu, bir növ məcburiyyətdən atılmış addım idi. Cinahlarda Elgün Nəbiyevlə Vanderson Silva bek-vinger funksiyasını icra etməli idilərsə, dayaq yarımmüdafiəçisi Erik Ramos "üçlü" mərkəz müdafiəsinin solunda yer almışdı.

"Sabah"ın yarımmüdafiə xətti də ideal durumda deyildi. Nədənsə, meydana çıxan 4 oyunçunun heç birinin cinahda çıxış etmək bacarığı yoxdu. Belədə yarımmüdafiə şahmat formasını almışdı. Tək hücumçu Marko Deviçə arxasındakı Cavid İmamverdiyev kömək etməli idi.

"Qəbələ"də isə cəza müddəti bitən Rauf Əliyevin əla formada olması Lalavele Atakoranı ehtiyata atmışdı. "Qırmızı-qaralar" isə səfərdə oynamasına baxmayaraq, 4-3-3-lə meydana çıxmışdı. Mərkəz hücumçusu Raufa cinahlardan Stiven Monroz və Davit Volkov, arxadan isə Ceyms Adeniyi dəstək verirdi. Bu "dördlük"lə müdafiə arasında boşluğun yaranmaması üçün Cavid Hüseynov-Elvin Camalov cütlüyünün üzərinə iş düşürdü.

Təbii ki, belə heyətlə "Sabah"ın hücum futbolu sərgiləyəcəyini gözləmək yersiz olardı. "Qəbələ" ilk dəqiqələrdən "dördlü" hücum xətti ilə müdafiəyə daha çox diqqət yetirən rəqibin qapısına yol tapmağa çalışırdı. Ev sahibləri yalnız sürətli əks-hücumlarla nəsə etməyi düşünürdü. Lakin belə vəziyyətlərdə İmamverdiyev-Deviç tandeminə arxadan yalnız Rəşad Eyubov dəstək verirdi. Təsadüfi deyil ki, komanda topa sahib olduğu zaman da geridə çox oyunçu saxlayırdı. Debütant epizoda görə bəzən 5-2-1-2, bəzən 4-4-2 ilə oynamalı olurdu. 3 oyunçu ilə də rəqib qapısına tərəf yaxınlaşmaq mümkün deyildi. "Qəbələ"də isə Cavid Hüseynov mühüm funksiyanı icra edirdi. İrəlidəki "dördlüy"ü məhz kapitan işə salmalı və geridən hücumu başlatmalı idi. Komanda hətta bəzən 4 hücumçuya da çevrilirdi. Volkovla müqayisədə Adeniyi-Monroz tandemi daha fəal nəzərə çarpırdı. Bu üzdən hücumlar əsasən sol cinahdan qurulurdu.

İlk yarım saatda "Sabah" futbolçuları tapşırığın öhdəsindən qüsursuz gəlirdilər. Hücum etmir, rəqibə də qapıya yaxınlaşmaq imkanı vermirdilər. Rəqibin qapısına yol tapmağın mümkünsüz olduğunu başa düşən qonaqlar müdafiədə top saxlamaq və rəqibə də oynamaq imkanı yaratmaqla "Sabah" oyunçularının irəli çıxmasına şərait yaratdılar. B planına keçmək hesabın açılmasına səbəb oldu. Bunda Deviçin kobud səhvi də xüsusi rol oynadı. Forvard geriyə ötürmə zamanı Adeniyini "gördü", o isə bir ötürmə ilə Raufu hərəkətləndirdi. Meydanın mərkəzindən sürətlə rəqib qapısına tərəf şığıyan millimizin hücumçusu şansı əldən vermədi. Deviçin komandasına "zərbəsi" bununla bitmədi. 17-ci dəqiqədə simulyasiyaya görə sarı vərəqə alan ukraynalı forvard fasilə ərəfəsində bu hərəkətini növbəti dəfə həvəskarcasına təkrarladı və meydandan qovuldu.

Elşad Əhmədov ikinci hissəyə həm əvəzləmə, həm də taktiki dəyişikliklə başladı. Miloş Bosançiçi əvəz edən Elşən Abdullayev sola, Rəşad Eyubov isə sağa meyilli oynamalı və mərkəzdəki İmamverdiyevə kömək etməli idilər. Erik Ramosun öz yerinə dönməsi ilə komanda 4-lü müdafiə sisteminə keçdi. "Sabah" bir növ 4-2-3-0-la oynamağa məcbur idi. Ancaq Elşən cəmi 15 dəqiqə meydanda qala bildi. Onun zədələnərək əvəzlənməsi də heç nəyi dəyişmədi.

"Qəbələ" rəqibin azlıqda qalmasından yararlanaraq pressinq etmək və ikinci qol vurmaq barədə düşünə bilərdi. Lakin Sənan Qurbanovun kollektivi ehtiyatlı oyuna keçdi. Bölgə təmsilçisində müdafiədəki "dördlük" yerindən tərpənmirdi ki, bu, "Sabah"ın təhlükəli əks-hücum ümidinin üstündən xətt çəkirdi. Dəqiqələr keçdikcə meydan sahiblərinin oyun planı tamam pozuldu. Ancaq qonaqlar orta sahədəki bu boşluqdan heç cür yararlana bilmirdilər. Maraqlıdı ki, "Qəbələ" oyunçuları buna çox da can atmırdılar. Say üstünlüyünə baxmayaraq, "qırmızı-qaralar"da ilk hədəf hesabı qorumaq və tempi "öldürmək" idi.

Elşad Əhmədov artıq risk etmək məcburiyyətində idi. Hər halda, 0:1-lə 0:3 hesablı məğlubiyyətin elə bir fərqi yoxdu. Gözləmək olardı ki, baş məşqçi 3-cü əvəzetmə zamanı hücumu gücləndirəcək və heç olmasa 1 xala ümid edəcək. Ancaq çalışdırıcı Coşqun Diniyevin əvəzinə eyni funksiyanı yerinə yetirən Tərzin Cahangirovu meydana buraxdı. Təbii ki, belə qorxaq addımla ən yaxşı halda 0:1-i qorumaq mümkün olardı. "Qəbələ"də Volkov bəzi hücumlar zamanı fərdi oynamasaydı, bəlkə də, hesab arasındakı fərq artacaqdı. Gürcüstanlı ikinci hissəni fəal keçirsə də, komanda yoldaşları ilə anlaşma problemi ona mane olurdu. Qonaqların da əvəzləmələri oyunun axarına təsir etmədi, yalnız oyunçuların meydandakı düzülüşlərində fərqlilik yaratdı.

"Sabah" yalnız qarşılaşmaya əlavə edilmiş 6 dəqiqədə irəli atılmağa başladı. Lakin meydanda qol duyumu aşağı olan futbolçularla bərabərlik topunu vurmaq qeyri-mümkün idi. Bunu az-çox bacaran İmamverdiyev isə ən zəif oyunlarından birini keçirdi. Mərkəz müdafiəçisi Filip İvanoviç son dəqiqələri hücumda keçirsə də, arxa xətdə öz işini layiqincə görən serbiyalıdan qol tələb etmək sadəlövhlük olardı.

Beləliklə, oyun hər iki baş məşqçinin istədiyi hesabla başa çatdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest