"Bir dəfə yağışa düşmüşük. Səhv etmirəmsə, Avstriyada avrokubok matçı idi. Son 20 dəqiqədə güclü yağış var idi. Amma görüşü birtəhər başa vurmuşduq"

"Beynəlxalq arenada olmasa da, Azərbaycanda ikinci dəfədir başıma belə hadisə gəlir. 2015-ci ildə "Qəbələ" - "Kəpəz" matçını güclü duman səbəbindən təxirə salmış və növbəti gün davam etdirmişdik". Matc.az xəbər verir ki, bunu "Qəbələ" və "Zirə" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XIX tur oyununun baş hakimi Əliyar Ağayev deyib.
 
35 yaşlı referi bildirib ki, qarşılaşma başlayanda matçı təxirə sala biləcəklərini düşünməyiblər. Onun sözlərinə görə, həmin vaxt hava şəraiti oynamağa imkan verib: "Hava proqnozu qarın olacağını göstərirdi. Hətta qarşılaşmadan bir gün əvvəl də Qəbələdə qar proqnozlaşdırılmışdı, lakin bir gün əvvəldən getmişdik, yerdə qal olsa da, hava nornal, stadion yararlı halda idi.Sadəcə, biz meydana daxil olandan sonra qar yağmağa başladı. Qar birinci hissədə yerdə elə də çox qalmamışdı. Fasilədən qayıdandan sonra isə durum tamamilə dəyişdi. Meydanı təmizlətdirdik ki, xəttlər tam görünsün. Beləliklə, görüş ikinci hissəyə hazır vəziyyətə gətirilmişdi. Stadion işçiləri və texniki heyət əziyyət çəkib bunu etmişdilər".
 
Ağayev ikinci yarıda qarın daha da gücləndiyini və intensivləşdiyini söyləyib: "65-ci dəqiqədə gördük ki, yan və cərimə meydançasının xəttləri görsənmir. Təbii ki, oyunçular üçün də belə meydanda hərəkət etmək çətin idi. Qərara aldıq ki, reqlamentə uyğun olaraq, yarım saat vaxt verilsin, təmizlənsə, qaldığımız yerdən davam edəcəyik. Amma qar daha da intensiz yağmağa başladı. Hətta qar təmizləyən maşın meydanın bir hissəsini bitirib, digər hissəsinə keçəndə artıq təmizlənmiş yer qarla örtülürdü. Bu səbəbdən, nümayəndə ilə məsləhətləşdik və Peşəkar Futbol Liqasına (PFL) məlumat verdik ki, matçın keçirilməsi mümkün deyil. Nəticədə oyunu ertəsi günə təxirə saldıq".
 
FIFA referisi matçın startının daha erkən saatlara təyin olunma ehtimalına da toxunub: "PFL klublarla danışandan sonra oyunun vaxtını təyin edir. Amma bizim işimiz odur ki, PFL-ə məlumat verək və bildirək ki, hazırkı vəziyyətdə oyun keçirilməsi mümkün deyil. Artıq növbəti qərarı qurum özü verir. Onlar da bunu çox gözlətmədi. Yarım saat sonra görüşün növbəti gün, saat 12:30-da qaldığı yerdən start götürəcəyini açıqladılar. Əslində, bu suala mənim cavab verməyim düzgün çıxmaq. Niyə görüşü bu vaxta salıblar? Onu deyə bilmərəm. Təşkilatı işlərə qarışa bilmərik. Oyun günündən əvvəl də hava proqnozu qarın olacağını göstərirdi. Amma biz gedəndə yağmırdı. Artıq nəticəni bilirik deyə, belə söyləyirik. Deyirik ki, yarım saat tez başlasaydıq qara düşməzdik. Amma bunu əvvəlcədən təxmin etmək mümkün deyil. Qarşılaşmanı niyə saat 15:00-a saldıqlarını deyə bilmərəm".
 
Təcrübəli baş hakim beynəlxalq arenada bu cür hallarla rastlaşmadığını sözlərinə əlavə edib: "Bir dəfə yağışa düşmüşük. Səhv etmirəmsə, Avstriyada avrokubok matçı idi. Son 20 dəqiqədə güclü yağış var idi. Amma görüşü birtəhər başa vurmuşduq".
 
Ağayev görüşdə qırmızı rəngli topun olmamasına da toxunub: "Oyundan əvvəl meydan sahiblərindən qırmızı topu xahiş etdik. Onların ikinci hissədə bizə təqdim etdiyi top qırmızı top hesab edilir. Tam qırmızı olmasa da, ağ topdan seçilirdi" (report.az).
 
Qeyd edək ki, iki gün davam edən qarşılaşma qolsuz bərabərliklə bitib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest