“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, sözügedən komanda səfərdə “Səbail”lə görüşəcək. 
 
“ASCO Arena”da baş tutacaq qarşılaşma iki rəqib arasında 11-ci çempionat matçı olacaq. İndiyədək komandalar 10 dəfə üz-üzə gəlib.
 
İlk dəfə 2017-ci ildə “Səbail”lə qarşılaşan “Zirə” bu oyunlarda üstünlüyə malikdi. 5 dəfə qalib gələn “qartallar” 2 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 12 top keçirən “Zirə” futbolçuları 6 top buraxıblar.
 
“Zirə”nin vurduğu qollara 10 futbolçu imza atıb. Nicat Süleymanov və Xulio Sezar Rodriqes komanda yoldaşlarından daha çox – hərəyə 2 dəfə fərqlənib.
 
Komanda səfər oyunlarında da üstünlüyə malikdi. Əvvəlki 5 matçda üç qələbə qazanan “Zirə” iki dəfə uduzub. 4 qol vuran “qartallar” rəqib meydanında bir top buraxıb.
 
Qeyd edək ki, martın 8-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Zirə” qarşılaşmasına saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest