5 tur geridə qaldı... Xal fərqi 10-a yüksəldi... Ötən mövsüm son illərin dəyişməz çempionuna – "Qarabağ"a "diş qıcayan" "Neftçi" hazırkı "futbol ili"ndə dişləri tökülmüş zombini xatırladır.

"Ağ-qaralar"ın oyun planında niyə axsadığını incələmək ayrıca yazı mövzusudu. Hərçənd, hədəfindən 5 tura qopan bakılıların problemlərinə Roberto Bordin və onun futbolçuları prizmasından yanaşmaq, naxırı itirib dananı axtarmağa bənzəyər.

Əlbəttə, klubda işlərin arzulanan səviyyədə getməməyi komandanın nəticələrində əksini tapır. Amma böyük işlər üçün olmadığı Azərbaycana gəlməmişdən bəlli olan italyanı və haqq etmədiyi paraları qazanan oyunçuları tənqid atəşinə tutmaq səriştəsiz idarəçilərin üzünə pərdə çəkmək anlamına gələr. 10 xallıq fərqi 10 metrlik uçurum bilmək zəruridi. Düzdü, hələ uzun marafonun sonuna çox var. Futbolda yaxşı başlamadan yaxşı sonluğa qovuşanları az görməmişik. Amma çoxsaylı faktların geyim dəstlərindən başqa heç nəyi "Neftçi”ni xatırlatmayan kluba aidiyyatı yoxdu.

Nə yazıq ki, vəziyyət Roberto - Cilberto dəyişikliyi ilə düzələn deyil. Heç bu gün Baqali Dabonun, Stiven Jozef - Monrozun və başqa faydasız legionerlərin ayaqlarında problem yarandığını qabartmaq olmaz. Böyük pullar qarşılığında heyətə qatılan Vild-Donald Geryenin son oyunun 34-cü dəqiqəsində "qırmızı” alması belə fərqli yanaşma tələb edir. Yəni klubun xəstəliyi ayaq yox, baş xəstəliyidi. Mövsümün boşa getməsinin, büdcənin havaya sovrulmasının qarşısını almaq istəyənlər tumar çəkdikləri başa qapaz endirməyin yeganə çıxış yolu olduğunu anlamalıdılar.

Əslində, gözlənilməz nəsə baş verməyib. Əvvəlki yazılarımızda da "Qarabağ”ın ötən mövsümkü halların təkrarlanmasına şərait yaratmayacağını, idman prinsiplərinə dəfələrlə tüpürən "Neftçi” rəhbərliyinin xislətini nəzərə alacağını yazmışdıq.

Şübhəsiz, cılız ürəklərə qarşı böyük planlar cızmağa ehtiyac qalmadı. Davamlı olaraq avrokubokların qrup mərhələsində oynamağı öyrənən "ağdamlılar”, sadəcə öz işini daha yaxşı görməyə, ilk turlardan güzəştsiz mübarizə aparmağa başladı. Nəticədə 2018/19 mövsümündə əsas rəqibə bənzəyən "Neftçi” 5 tura zərərsizləşdirildi. Bəli, bu qədər asanlıqla...

Kamran Quliyevin SOCAR-dakı "dayday”ının - Mikayıl İsmayılovun hesabına tutduğu postda daha artığına nail ola bilməyəcəyi göz qabağındadı. Baxdığını görməyi bacaranlar "sədaqətli kadr”ın istefasının vacibliyini dərk edir. Gec və ya tez çiyninə görə olmayan yükün altına salınan adam hər kəsin eşidəcəyi xırçıltıyla "şpaqat" açacaq... "Ağ-qara vulkan” yenə püskürəcək, aləm bir-birinə dəyəcək, köhnə küllər süpürüləcək... Ziyanın yarısından qayıtmaq daha yaxşı olmazmı?

ARDNŞ-dəki himayədarın gözləmə mövqeyi tutmasına toxunmadan yazını bitirmək ən azı Quliyevin tribunalardan didərgin saldığı fanatlara hörmətsizlik olar. "Yuxarılar”ın "yatmasının” səbəbi yetərincə qaranlıqdı. "Neftçi” boyda camiəyə rəhbər təyin edilmiş başqan hər naşı addımı ilə himayədarlarını qınaq obyektinə çevirirsə, ona güvənənlərin imicini ləkələyirsə, məntiqlə, ilk növbədə vitse-prezident Mikayıl İsmayılovun özü narahatlıq keçirməlidi. Axı "Neftçi” xalqın "qara qızıl”ından dövlətə gələn gəlir hesabına "qidalanır”.

Adam aldana, səhvən güvənə, yanıla bilər. Ancaq potensialı göz önündə olan birinə bu boyda meydan vermək ya biganəlik, ya da biçarəlikdi.

P.S. Müşahidə Şurasının sədri Çingiz Abdullayev yanıldığının, aldandığının fərqinə varıb. O, ötənilki eyforiya dolu çempionluq arzusundan fərqli, indiki mövsüm ərəfəsində 192 kitabını oxumuş israilli ilə şəklini paylaşıb.

fanat.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest