"Mançester Yunayted"in hücumçusu Cey-Cey Qabriel Avropa nəhənglərindən illik minimum 1 milyon avro maaş tələb edir ki, bu da transfer prosesində əsas maneəyə çevrilib.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Oktyabrın 6-da 16 yaşı tamam olan futbolçu artıq istənilən Avropa klubu ilə peşəkar müqavilə imzalamaq hüququna malikdir. "Barselona", "Real", "Bavariya" və PSJ oyunçunun ətrafındakı vəziyyəti yaxından izləsə də, yeddirəqəmli maaş tələbi iddiaçıların dairəsini xeyli daraldır.

"Bavariya" artıq Qabrielin nümayəndələri ilə görüş keçirib və baş məşqçi Vensan Kompani futbolçunun keçidində şəxsən maraqlıdır. Münhen klubu gənc istedadı tez bir zamanda əsas heyətə cəlb etmək vədi ilə cəzb etmək istəsə də, bu cür yüksək maliyyə şərtlərini qəbul etməyə hazır deyil.

İllik 1 milyon avrodan başlayan maaş tələbi artıq Dortmund "Borussiya"sı və Leverkuzen "Bayer"ini bu transfer yarışından uzaqlaşdırıb. Hər iki klub məhz yüksək maliyyə istəklərinə görə geri addım atıb.

Digər tərəfdən, "Barselona" və "Real" futbolçuya olan marağını qoruyub saxlayır. Qabrielin ailəsi isə hələlik son qərarını verməyib və seçim etməyə tələsmir.

Gənc hücumçu hazırda rəsmən "Mançester Yunayted"in üzvü olaraq qalır. Lakin bir müddət əvvəl o və ailəsi əsas komandadakı rolu ilə bağlı yaranan fikir ayrılıqlarından sonra klubdan ayrılmaq üçün rəsmi müraciət ediblər. "Mançester Yunayted" rəhbərliyi isə Qabriel başqa bir klubla müqavilə imzalayacağı təqdirdə məhkəməyə müraciət etmək variantını nəzərdən keçirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest