UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasının təsnifat mərhələsinin oyunundan sonra baş verən dava-dalaşa görə Türkiyənin "Fənərbaxça" klubunun yarımmüdafiəçisi Matteo Qenduzi və Fransanın "Lion" klubunun qapıçılar üzrə məşqçisi Antonio Ferreyranı diskvalifikasiya etmək barədə qərar qəbul edib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, mütəxəssis 5 oyunluq, fransalı futbolçu isə 4 oyunluq cəza alıb. Lakin oyunçunun cəzasının ikisi şərtidir və 1 illik sınaq müddətini nəzərdə tutur. "Fənərbaxça"nın ingiltərəli vinqeri Meyson Qrinvud isə şərti olaraq 1 oyunluq diskvalifikasiya edilib.
UEFA həmçinin tərəflərin pul cəriməsi ödəməli olduğuna dair qərar çıxarıb. "Lion" 108,5 min avro, "Fənərbaxça" 95 min avro, Qenduzi isə 30 min avro məbləğində cərimələnib.
Xatırladaq ki, Qenduzi final fitindən sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağı nümayişkaranə şəkildə qeyd edərək tribunalardakı azarkeşləri təxribata çəkib. Tamaşaçılardan biri meydana qaçmağa çalışsa da, stüardlar onun qarşısını ala biliblər. Qenduzi azarkeşləri qıcıqlandırmağa davam edərək tribunaltına doğru yollanarkən "Lion"un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra ona hücum edib. Bundan sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşüb.
Avqustun 26-da keçirilən görüş "Fənərbaxça"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə təmsilçisi iki oyunun nəticəsinə görə rəqibini üstələyərək (3:2) son 18 ildə ilk dəfə Çempionlar Liqasında oynamaq hüququ qazanıb.

_1788614444.jpg)
_1788611807.jpg)










