"Qalatasaray"ın superulduzu Viktor Osimhen üçün hər keçən gün iddiaçıların sayı artmaqda davam edir. "Mançester Yunayted", "Tottenhem", "Barselona" və "Atletiko" nigeriyalı ulduzu heyətinə qatmaq üçün hərəkətə keçib.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" qəzeti məlumat yayıb.
Bildirilir ki, "sarı-qırmızılılar"in rəhbərliyi "transfer pəncərəsi"nin qalan hissəsində Osimhen dosyesini tamamilə bağlayıb. Klub rəhbərliyinin oyunçu ilə bağlı menecerlər vasitəsilə gələ biləcək təklif və tövsiyələri belə gündəmə almamaq barədə qərar qəbul etdiyi öyrənilib.
Mövsümün əvvəlində Osimhen üçün astronomik bir təklif gələcəyi təqdirdə vəziyyətin dəyərləndirilə biləcəyi danışılsa da, hazırda bu düşüncə tamamilə dəyişib çıxıb.
Məşqçilər heyəti və rəhbərlik Osimheni həm Superliqa hədəflərinin, həm də Çempionlar Liqası planlarının mərkəzində görür. İstanbul təmsilçisi transfer dövrü başa çatana qədər məbləğdən asılı olmayaraq ulduz hücumçu ilə bağlı hər hansı bir danışıq aparmağı düşünmür.













