Tanınmış braziliyalı sabiq hücumçu Aleşandre Pato İngiltərənin "Northempton" klubunun həmtəsisçisi ola bilər.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, Pato "Northempton" klubunu almağa yaxın olan "Sports Alpha Capital" konsoriumunun heyətində yer alıb.
Ötən mövsüm "Northempton" Liqa 1-də sonuncu yeri tutaraq İngiltərə çempionatının dördüncü güclü divizionu sayılan Liqa 2-yə düşüb. Aprel ayında klub 3 milyon funt-sterlinq məbləğində zərər etdiyini açıqlayıb.
Pato oyunçu karyerasını 2023-cü ildə "San-Paulu" klubunda başa vurub. O, daha çox 2007-2013-cü illərdə "Milan"dakı çıxışları ilə tanınır.
Sabiq hücumçu 2008-2013-cü illərdə Braziliya millisinin heyətində meydana çıxdığı 27 matçda 10 qol vurub.













