Donetsk "Şaxtyor"unun hücumçusu Kauan Elias Premyer Liqanın aparıcı klublarının diqqətini cəlb edib.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, söhbət "Arsenal" və "Mançester Yunayted"dən gedir. Hər iki klub yeni 2026/27 mövsümünün start turunda "Kudrivka" ilə matçda het-trik edən 20 yaşlı braziliyalı futbolçunu izləmək üçün skautlarını göndərib.
Sözügedən qarşılaşma "mədənçilər"in 5:1 hesablı darmadağını ilə başa çatıb. Bu het-trik 2025-ci ilin fevralından "Şaxtyor"da çıxış edən Kauanın karyerasında ilki olub. Həmin vaxtdan bəri legioner komandada meydana çıxdığı 47 rəsmi oyunda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Ukrayna klubu Eliasın transfer qiymətini 30 milyon funt-sterlinq olaraq dəyərləndirir. Hər iki İngiltərə təmsilçisi rəqibin maliyyə tələblərini qarşılamağa hazırdır. Onun "mədənçilər"lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir, "Transfermarkt" portalı isə braziliyalının dəyərini 15 milyon avro kimi qiymətləndirir.













