Uqandada milli komandanın 27 yaşlı futbolçusu Devid Ovori Kampaladakı evinin yaxınlığında məruz qaldığı hücum nəticəsində aldığı ölümcül xəsarətlərdən vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, idmançı mobil telefonunu və digər qiymətli əşyalarını oğurlamağa cəhd edən şəxslər tərəfindən döyülüb. Müqavimət göstərən yarımmüdafiəçini cinayətkarlar küçədə parket daşları ilə amansızcasına döyərək huşsuz vəziyyətdə qoyub qaçıblar.

Futbolçu əvvəlcə yaxınlıqdakı klinikaya yerləşdirilib, daha sonra Kampaladakı özəl tibb müəssisəsinə köçürülüb. Lakin o, avqustun 5-də aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Ovori Uqanda Premyer Liqasının rekordçusu olan "SK Villa" klubunun kapitanı idi. O, karyerasının böyük hissəsini bu klubda keçirib və komandanın 20 illik çempionluq həsrətinə son qoymasına kömək edib. Futbolçu, həmçinin İspaniyanın "Veles" (2021-2022) və İsveçin "Utsiktens" (2022-2023) klublarında legioner həyatı yaşayıb. Uqanda milli komandasının da formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest