"Orhus"un baş məşqçisi Yakob Poulsen UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah"a qarşı ilk oyunundan sonra fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, danimarkalı mütəxəssis 2:1 hesabı ilə qələbə qazandıqları qarşılaşmanı dəyərləndirərkən bu sözləri deyib:
"Bakıya qələbə ilə yollanacağımız üçün çox şadam. Düzəltməli olduğumuz məqamlar var".
O, xüsusilə ikinci hissənin əvvəlində oyuna tam nəzarət etdiklərini bildirib: "Amma "Sabah" hesab arasındakı fərqi azaltdıqdan sonra bu nəzarəti itirdik. Əsas olan qalib gəlmək idi və buna nail olduq".
Poulsen matçda dubl edən Uqandadan olan 18 yaşlı hücumçu Ceyms Boqerenin çıxışını yüksək qiymətləndirib. Baş məşqçi gənc futbolçunun buna layiq olduğunu vurğulayıb: "Artıq vaxtı idi. O, indiyədək qol vurmamışdı. Buna görə də qolların məhz indi gəlməsi sevindiricidir. Vurduğu qollar isə möhtəşəm idi".
Mütəxəssis forvardın böyük potensiala malik olduğunu diqqətə çatdırıb: "Bu yaşda belə çıxış etmək təsiredicidir. O, inanılmaz enerjiyə malikdir, çox yüksək intensivliklə qaçır və komanda oyununda da əvvəlkindən daha yaxşı iştirak edir".
Poulsen gənc oyunçunun üstün cəhətlərindən də bəhs edib: "Ceyms çox yaxşı tamamlayıcıdır. Bunu təkcə "Sabah"la oyunda yox, məşqlərdə də görürük. Düzdür, hər gün belə qollar vurmur. O, klassik mərkəz hücumçusu deyil. Dərinliyə qaçışları, texnikası və digər keyfiyyətləri rəqiblər üçün ciddi problem yaradır. Üstəlik, əksər müdafiəçilərdən daha sürətlidir".
Xatırladaq ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 11-də Bakıda, Masazır qəsəbə stadionunda baş tutacaq.













