"Atalanta"nın və İtaliya millisinin istedadlı mərkəz müdafiəçisi Corco Skalvini "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Bildirilir ki, maraq hələ ilkin mərhələdədir və "Mançester Yunayted"in skautları oyunçunu bir neçə dəfə canlı izləyiblər.
Skalvininin bacarıqları, xüsusən də həm üçlü, həm də dördlü müdafiə sistemlərində eyni dərəcədə effektiv çıxış etmək qabiliyyəti yüksək qiymətləndirilib.
22 yaşlı müdafiəçinin "Atalanta" ilə müqaviləsi 2028-ci ilin yayına kimidir və onun transfer dəyəri 38 milyon avro qiymətləndirilir.
Gənc oyunçunun aktivində İtaliya millisinin heyətində 8 matç var. May ayında Skalviniyə "Yuventus" tərəfindən də maraq olduğu bildirilirdi.
Ötən mövsüm müdafiəçi "Atalanta"nın heyətində bütün turnirlərdə çıxdığı 30 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yaddan qalıb.













