UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi mərhələlərində sarı vərəqələrin toplanması sistemi ilə bağlı yeni qaydaların tətbiq olunduğunu elan edib.

Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yeni qaydalara əsasən, avrokubokların ümumi mərhələsində oyunçular və komandanın rəsmi şəxsləri qırmızı vərəqə ilə nəticələnməyən 4 sarı vərəqə aldıqdan sonra diskvalifikasiya olunacaqlar. Növbəti mərhələlərdə isə cəza hər sonrakı cüt saylı sarı vərəqədən - altıncı, səkkizinci və bu minvalla davam edərək qüvvəyə minəcək.

Avrokubokların təsnifat mərhələlərində isə qaydalar dəyişməz qalacaq: diskvalifikasiya qırmızı vərəqə ilə nəticələnməyən 3 sarı vərəqədən sonra, daha sonra isə hər növbəti tək saylı vərəqədən sonra tətbiq ediləcək.

UEFA bu dəyişikliklərin tətbiqini avrokubokların 2024/2025 mövsümündən qüvvəyə minən format islahatları ilə izah edir. Çempionlar Liqası və Avropa Liqasının ümumi mərhələsində oyunların sayının altıdan səkkizə qaldırılması sarı vərəqələrin toplanması səbəbindən daha tez-tez diskvalifikasiyalara səbəb olurdu. Yeni qaydalar oyunların sayı ilə sarı vərəqələrin icazə verilən miqdarı arasında balansı qorumaq məqsədi daşıyır.

Bundan əlavə, Konfrans Liqasının ümumi mərhələsinin hələ də altı oyundan ibarət olmasına baxmayaraq, yeni qaydalar bu turnirdə də qüvvədə olacaq. Bu qərar qış "transfer pəncərəsi" zamanı müxtəlif avrokubok turnirlərində iştirak edən klublar arasında futbolçuların mümkün keçidləri nəzərə alınaraq qəbul edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest