Sabah "Qarabağ" UEFA Avropa Liqası II təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanda ÇSKA-nın qonağı olacaq.
Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda üçün çox vacib oyundur. İlk oyunda heç-heçə qeydə alınıb. Cavab görüşündə hər ikimiz qalib gəlmək istəyirik. Rəqibin açıqlamalarından görürəm ki, çox iddialıdırlar. Bu, bizi məsuliyyəti olmağa sövq edir. İki eyni səviyyədə olan komanda üz-üzə gələcək. İnanıram ki, azarkeşlər yaxşı oyun görəcəklər.
- Sabahkı matçın Bakıdakı oyundan fərqi nə olacaq?
- Qalib gəlmək istəyiriksə, Bakıdakı matçdan daha yaxşı oynamalıyıq. Bunun üçün çalışacağıq. Başqa ciddi dəyişiklik deyə bilmərəm. Rəqib daim sistemdə rotasiyalar edə bilir. Bizim ən güclü silahımız öz oyunumuzu daha da yaxşı oynamaqdır.
- Sizin avrokuboklarda böyük təcrübəniz var. Bu təcrübədən necə istifadə etməyi planlaşdırırsız?
- Bəli, mənim də, komandanın da təcrübəsi var. Qarşımızdakı komanda da təcrübəlidir. Nədən və necə istifadə edəcəyimiz nüansları deyə bilmərəm. Belə oyunlarda soyuqqanlı olmalıyıq. Qarşımızdakı istəkli rəqib var. Bu, bizi sevindirir. İnanıram ki, soyuqqanlı və cəsarətli olacağıq. Buna əminəm.
- Ötən Çempionlar Liqası mövsümündə ən çox qol vuran futbolçular - Kamilo Duran və Leandro Andrade komandadan ayrıldı. İlk matçın da 0:0 bitdiyini nəzərə alsaq, onların yerini necə doldurmağı düşünürsüz? Sabah hücum xəttindən gözləntiləriniz nədir?
- Bəli, çox yaxşı iki oyunçumuzu yaxşı komandalara göndərdik. Onlar tam bizim oynumuza uyğunlaşmışdılar. Onlara uğurlar arzulayıram. Hücum xəttində yer alan futbolçuların hər biri özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Yeni oyunçularımız var. Onlara inanaraq komandaya dəvət etmişəm. İnanıram ki, Duranla Andradenin yoxluğunu hiss etdirməyəcəklər. İnanıram ki., nəticə üçün ən yaxşısını etməyə çalışacaqlar və sona kimi mübarizə etməyi bacaran futbolçulardr.
- İki il əvvəl "Ludoqorets"lə matçda 7 qol vurmusuz. Sabahkı matçla bağlı düşüncələriniz necədir?
- Belə nəticələr nadir hallarda olur. ÇSKA bir az fərqli komandadır. Bakıda bu komandanın gücünü gördük. Bu gün futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən kollektiv bu cür nəticə göstərə bilər. Hətta eyni səviyyəli komandalar arasında belə nəticələr də olur. Qalib gəlmək üçün düzgün oyun qurmalıyıq vəkomandaya qarşı səhv etmək olmaz. Böyük hesabı yaddan çıxarmalıyıq. Bura nəticə üçün gəlmişik.













