"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubu ilə cavab matçından öncə təşkil olunmuş mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq komandanın hədəfindən danışıb:
"Mərhələnin ilk oyununda 0:1 hesabı ilə uduzmuşuq. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq".
Rəşad Sadıqov rəqibin gücünə bələd olduqlarını vurğulayıb:
"Burada elə-belə rəqib olmur. "Payde" də təcrübəli komandadır. Baş məşqçiləri də təcrübəlidir. Rəqibin planı barədə məlumatımız yoxdur. Buna baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq".
Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.













