"Mançester Yunayted" rəhbərliyi hücumçusu Markus Reşfordu sata biləcəyi məbləği müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, "Mançester Yunayted" Reşfordu 42 milyon avro qarşılığında buraxmağa hazırdır. Bununla belə, komandanın baş məşqçisi Maykl Karrik hücumçunun gələcəyi ilə bağlı hələ dəqiq qərar verməyib, buna görə də 28 yaşlı ingiltərəli futbolçunun növbəti mövsümdə hazırkı klubunda qalması istisna edilmir.
Ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Reşford, bütün turnirlərdə meydana çıxdığı 49 matçda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Kataloniyalıların hücumçunu 30 milyon avroya birdəfəlik transfer etmək hüququ olsa da, onlar bu bəndi aktivləşdirməkdən imtina ediblər və oyunçunu daha ucuz məbləğə almaq üçün uğursuz danışıqlar aparıblar. Markus özü isə "Barselona"da qalmaq istəyirdi və bunun üçün məvacibinin azaldılmasına da razı idi.













