Heyətində Kriştiano Ronaldonun da çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib və klubun borcu 200 milyon dolları ötüb.
Matc.az xəbər verir ki, bu barədə "Arriyadiyah" nəşri məlumat yayıb.
Bildirilir ki, yaranmış böhran səbəbindən rəhbərliyə yeni futbolçular və məşqçilərlə müqavilə imzalamaq qadağan edilib. Transfer sazişlərinə yalnız klub öz gəlirləri və sponsorluq daxilolmaları hesabına maliyyə sabitliyini bərpa etdikdən sonra icazə veriləcək.
Vəziyyəti düzəltmək üçün "Əl-Nəsr"in sahibi olan Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) bir sıra tədbirlər həyata keçirib: idarəçilərin bəzi maliyyə səlahiyyətlərini məhdudlaşdırıb və müstəqil məsləhətçiləri prosesə cəlb edib.
Böhrandan çıxış yollarından biri kimi klubun səhmlərinin bir hissəsinin satılması nəzərdən keçirilir. Artıq aktivlərin bir hissəsinin alınması ilə bağlı iki ciddi təklif var.
Bununla belə, hissə sahibləri klubdan tamamilə ayrılmaq istəmirlər və yalnız müəyyən bir payın satışına üstünlük verirlər.













