UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" öz meydanında Bolqarıstanın ÇSKA (Sofiya) klubunu qəbul edib və qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Matc.az xəbər verir ki, bu barədə Bolqarıstanın məşhur "Sportal.bg" saytı geniş məqalə dərc edib.

Bildirilir ki, "Tofiq Bəhramov" stadionunda 25 000 azarkeşin önündə keçirilən matçda bolqarlar Azərbaycan nəhənginə qarşı bərabərsəviyyəli oyun nümayiş etdiriblər.

Yazıda meydandakı gərgin mübarizə, Kadi Borjesin ofsayd səbəbindən ləğv edilən qolu, eləcə də ÇSKA-nın hücumçusu Yoanis Pitasın son dəqiqədə qayda pozuntusu əsası ilə hesaba alınmayan qolu xüsusi qeyd olunub.

Bolqar təhlilçilər "Qarabağ"ın güclü hücum potensialına malik, oturuşmuş komanda olduğunu və oyun üslubuna görə "Mançester Siti"ni xatırlatdığını vurğulayıblar. Baş məşqçi Hristo Yanevin rəqibin güclü tərəflərini düzgün analiz edərək Bakıdan sərfəli heç-heçə ilə qayıtdığı bildirilib.

Həmçinin matç zamanı Kadi Borjesin yan xətt kənarında yıxılarkən ÇSKA-nın baş məşqçisi Hristo Yanevin dərhal ona kömək etməsi və nümayiş etdirdiyi "fair-play" nümunəsi də rəqib medianın diqqətindən qaçmayıb.

Məqalədə "ordu klubu"nun cəza səbəbindən Bakıya azarkeşsiz gəlməsinə baxmayaraq, tribunaların təzyiqinə tab gətirdiyi yazılıb və cütün taleyinin iyulun 30-da Sofiyadakı "Vasil Levski" Milli Stadionunda həll olunacağı qeyd edilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest