"Barselona"nın əfsanəvi yarımmüdafiəçisi Serxyo Buskets yeni bir rolla kluba geri qayıda bilər. Ötən il oyunçu karyerasını başa vuran Buskets məşqçilik fəaliyyətində gücünü sınamaq istədiyini bəyan edib. İspaniya millisinin əfsanəsi yeni peşəsindəki yoluna məhz doğma "Barselona"sında başlamaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" idman nəşri məlumat yayıb.
Bildirilir ki, o, "Barselona"nın əvəzedici komandasının məşqçilər heyətinə daxil olmağa hazırdır. Keçmiş yarımmüdafiəçi elit səviyyədə özünü sınamazdan əvvəl, məşqçilik yoluna aşağı təbəqədən başlamaq istəyir.
Qeyd edək ki, Buskets futbolçu kimi 2008-2023-cü illərdə "Barselona"da çıxış edib. O, kataloniyalıların heyətində bütün turnirlərdə meydana çıxdığı 722 matçda 18 qol vurub və 46 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu "Barselona" ilə üç dəfə (2009, 2011 və 2015-ci illərdə) Çempionlar Liqasının qalibi adını qazanıb.













