"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Estoniyada "Payde"nin qonağı olacaq.
Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Bildirilir ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək istədiyini bildirən mütəxəssis ilk oyunun olduqca önəmli olduğunu vurğulayıb:
"Rəqib evdə oynayır, qələbə qazanmağa çalışacaq. Bizim də öz istəklərimiz var. "Payde" avrokuboklarda təcrübəli komandadır. Sabah bizi maraqlı və gərgin oyun gözləyir".
Əvvəlki rəqibləri "Torpedo" ilə "Payde" arasındakı fərqlərə toxunan Sadıqov komandaların oyun fəlsəfələri arasında oxşarlıqlar olduğunu diqqətə çatdırıb:
"Hər iki komanda topla oynamağa üstünlük verir, standart vəziyyətlərdə təhlükəlidirlər. Bizim yaxşı formada olmağımız çox önəmli olacaq. Çalışacağıq ki, rəqibin oyununu pozaq".













